Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu şəhərdə keçirilən “Qızıl əllər” beynəlxalq sərgisində ölkəmizi təmsil edib.
Tədbirdə çıxış edən Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Əlişir İkramov festivalın əhəmiyyətindən danışıb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov iki xalq arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışaraq belə tədbirlərin xalqlarımızın zəngin mədəni irsinin, o cümlədən incəsənətinin nümayiş etdirilməsi üçün əlverişli imkanlar yaratdığını söyləyib.
Tədbirdə Azərbaycanın Qarabağ bölgəsinə aid qadın geyimləri təqdim olunub. “Qarabağ şikəstəsi”nin sədaları altında təqdim olunan milli libaslarımız iştirakçıların alqışları ilə qarşılanıb.
Festivalda həmçinin ənənəvi özbək geyimləri, habelə modelyerlərin kolleksiyaları nümayiş olunub. Tədbirdə əl işləri də sərgilənib.