İyunun 13-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dünya kitabxanalarındakı Azərbaycanla bağlı əlyazmaların araşdırılmasının vacibliyindən bəhs edib. Vurğulanıb ki, bu əlyazmaların milli, dövlətçilik mövqeyindən, elmi baxımdan öyrənilməsi imkanlarını bizə dövlət müstəqilliyimiz bəxş edib. Bu səbəbdən də əlyazmaların problemlərinin müzakirə olunduğu konfransın AXC-nin yubileyinə həsr edilməsi tamamilə təqdirəlayiqdir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların toplanılması, araşdırılması, tədqiqi sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavinləri, filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.