Azərbaycan

 

10 iyul 1835 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

10 iyul 1899 – Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1898-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub.

10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. “Pillələr”, “Görünməz dalğa”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Kütlə”, “Axirət sevdası” və s. kitabları işıq üzü görüb. Əsərləri xarici dillərə tərcümə edilib.

10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 - 12.9.1979) anadan olub.

 

11 iyul 1918 – Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, milli məktəblər üçün ilk dərsliklərin (“Yeni məktəb”, “Türk ədəbiyyatına ilk qədəm”) hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olub. 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda peşə borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.

11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərə quruluş verib. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.

 

12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

12 iyul 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, populyar mahnıların müəllifidir.

12 iyul 1956 – Əməkdar artist Mübariz Şəfayət oğlu Həmidov Göyçay şəhərində anadan olub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, teatrın direktoru (2006-2018) işləyib.

12 iyul 1993 – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri Almatı şəhərində “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır.

   

13 iyul 1889 – Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub.

13 iyul 1910 – Yazıçı-dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.

13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvara həsr etdiyi “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.

13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim» və s. bədii filmlərə quruluş verib.

13 iyul 1957 – Xalq artisti Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda pantomima teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü” və s.

 

Dünya

 

10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.

10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.

10 iyul 1931 – Kanada yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2013) Elis Manro (Alice Ann Munro) anadan olub. Xüsusilə hekayələri ilə məşhurlaşıb. İngilisdilli ədəbiyyat sahəsində ən nüfuzlu Buker mükafatına (2009) layiq görülüb.

 

11 iyul Dünya əhali günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.

11 iyul 1960 – Azərbaycan əsilli İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların (Kann, Venesiya) qalibidir: “Ağ şar”, “Dairə” və s.

 

12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.

12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.

12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.

  

13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub.

13 iyul 1923 – SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.

13 iyul 1934 – Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.

Hazırladı:  Vüqar ORXAN