Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Milli Kitabxanaya təşəkkür edirik.

70 il əvvəl...

“Ən yaxşı kütləvi mahnılar üçün respublika müsabiqəsi”

Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri idarəsi və Azərbaycan SSR Sovet Bəstəkarlar İttifaqı bu il iyulun 10-dan “Ən yaxşı kütləvi mahnılar üçün respublika müsabiqəsi” elan edir.

Müsabiqənin əsas mövzusu:

Bakı haqqında mahnı

Bakı neftçiləri haqqında mahnı

Respublikanın tikintiləri (Sumqayıt, Mingəçevir, Daşkəsən və s.) haqqında mahnı

Azərbaycan kolxozçuları haqqında mahnı

Müsabiqə üçün 5 mükafat təyin edilib. Mükafat bəstəkar və şair arasında bərabər bölünür.

I mükafat – 10 000 manat  – 1 ədəd

II mükafat – 7 000 manat – 2 ədəd

III mükafat – 5 000 manat  – 2 ədəd

“Ədəbiyyat qəzeti”,
20 iyul 1948-ci il

 

İncəsənət ustalarının görüşü

 

Bu günlərdə S.M.Kirov adına dağüstü mədəniyyət və istirahət parkında Azərbaycan LKGİ Bakı Komitəsinin təşəbbüsü ilə gənc neftçilərin və fəhlələrin görüş gecəsi keçirilmişdir.

Görüşdə Stalin mükafatı laureatları Mirzə Ağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Kazım Ziya, Qara Qarayev, Cövdət Hacıyev və başqaları iştirak etmişlər. Görüşü Bakı Komitəsinin katibi Hacıyev yoldaş açmışdır. Daha sonra Azərbaycan SSR Xalq artisti Mirzə Ağa Əliyev, bəstəkar Qara Qarayev, Azərbaycan SSR Ali Sovetinin deputatı, xalq artisti Babiçeva öz yaradıcılıq yolları haqqında ətraflı danışmışlar.

Rəsmi hissədən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının və M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının, Rus Dram Teatrının artistlərinin iştirakı ilə böyük konsert olmuşdur.

“Kommunist” qəzeti,
18 iyul 1948-ci il

Hazırladı: LALƏ