Müxtəlif ölkələrdən olan tacirlər həmişə Azərbaycan xalçalarına maraq göstəriblər. Bu gün dünyanın nüfuzlu muzeylərinin ekspozisiyasını Azərbaycan xalçaları bəzəyir. Öz çeşnisi, toxunuş texnologiyası, orijinallığı və keyfiyyəti ilə seçildiyindən xalçalarımız hər zaman dəyərli olub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq onların çeşniləri əsasında yeni xalçalar toxuyur. Həmçinin dünya muzeylərində, kolleksiyalarda saxlanılan, müxtəlif vaxtlarda hərraca çıxarılaraq satılan Azərbaycan xalçaları barədə məlumat bazası yaradılır.

“Azərxalça”dan bildirilib ki, 1998-ci ildən 2017-ci ilədək hərraca çıxarılan 100-dən çox qədim xalça haqqında məlumatlar əldə olunub.

“Christie’s” hərrac evində 1998-ci il oktyabrın 15-də keçirilən hərracda XVIII əsrin sonlarına aid “Əjdahalı” çeşnisi ilə toxunan xalça 58 min 747 dollara satılıb. 2002, 2003, 2006, 2008 və 2014-cü illərdə XVIII və XIX əsrlərdə toxunan 12 qədim Azərbaycan xalçası hərraca çıxarılıb. XIX əsrin birinci yarısında toxunmuş xalçaya 152 min 592 dollar verilib.

2006-cı ilin dekabrında ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan Robert Montqomeri Skott tərəfindən hərraca çıxarılan, XVIII əsrin sonu – XIX əsrin əvvəllərində toxunan Azərbaycan xalçasına çox böyük maraq göstərilib. Xalça 341 min 625 dollara satılıb. Bu, ölçüsünə görə ən baha qiymətə satılan Azərbaycan xalçasıdır.

2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb. “Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçalara 10 min avrodan 233 min dollaradək qiymət qoyulub.

Hərraclarda satılan xalçaların çeşniləri əsasında “Azərxalça” tərəfindən yeni xalçaların toxunması həm də qədim çeşnilərimizin gələcək nəsillərə çatdırılması deməkdir.