Məqsədim zəngin Azərbaycan mətbəxini yalnız Avstraliyada deyil, bütün dünyada tanıtmaqdır. Bu sözləri AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə müsahibəsində 2006-cı ildən Pert şəhərində yaşayan həmyerlimiz, məşhur “Master Chef” kulinariya şousunun iştirakçısı Samirə Dəmirova deyib.

S.Dəmirova 1981-ci ildə Bakıda dünyaya gəlib. 138 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb. Həyat yoldaşı, avstraliyalı Troy Ekliston ilə 2003-cü ildə Bakıda tanış olub. İxtisasca mühəndis-texnik olan T.Ekliston həmin vaxt Bakıya işlə bağlı gəlibmiş. Onlar ailə qurduqdan sonra, 2006-cı ildə Avstraliyanın Pert şəhərinə köçüblər. Bir qızları və bir oğulları var. İlk vaxtlar yeni ölkəni öyrənən Samirə yerli mədəniyyətə və mətbəxə xüsusi maraq göstərib. “Business Administration” məktəbində təhsilini davam etdirib. 2009-cu ildə həyat yoldaşının işi ilə bağlı Sinqapurda olarkən orada da yerli mətbəxi öyrənməyə xüsusi diqqət yetirib. İşlə əlaqədar Cənubi Koreyaya və Malayziyaya səfərlər zamanı isə bu ölkələrdə yerli mətbəxi öyrənməyə çalışıb. Samirə öz bloqunu yaradaraq burada həm ailəsi, həm də dostları üçün hazırladığı yeməklərin reseptlərini paylaşıb. 2017-ci ildə yerli kastinq kompaniyası ona “Master Chef” kulinariya şousuna qatılmaq üçün ərizə ilə müraciət etməsi barədə dəvət göndərib.

Samirə deyir ki, şouya qatılmaqda əsas məqsədi məhz Azərbaycanı avstraliyalılara daha yaxından tanıtmaq olub. Məhz bu məqsədlə internetdə öz bloqunu yaradaraq hazırladığı yeməklərin fotolarını çəkib və onları burada yerləşdirib. Ən böyük arzusu isə Azərbaycan mətbəxini tanıdacaq, illüstrasiyalarla zəngin kitabın Avstraliyada nəşr edilməsidir. “Master Chef” teleşousu kimi bir proqramda iştirak bu arzunu reallaşdırmaq üçün imkan yaradırdı.

Şou-müsabiqədə iştirakın çox ağır olduğunu vurğulayan S.Dəmirova deyib ki, böyük zəhmət bahasına minlərlə iştirakçı arasından keçərək top 24-ə düşə bilib. Münsiflər heyətinin tərkibində tanınmış kulinar-tənqidçi Mett Preston, baş aşpaz, milliyətcə yunan olan Corc Kalombaris və Qeri Mehiqan kimi tanınmış simalar yer alıb. Onların hər üçü Azərbaycan mətbəxini çox sevir.

Çəkilişlər ümumilikdə altı ay davam edib. Şou zamanı heyranedici məqamların olduğunu vurğulayan Samirə dünyaca tanınmış kulinariya ilahəsi Naycella Lausonla görüşünü, şef kulinar Qordon Remzi ilə birlikdə yemək hazırlamasını, Avstraliyanın məşhur kulinar ulduzu Meqqi Biir ilə tanışlığını və ən əsası, Britaniya şahzadəsi Çarlzla söhbətini xüsusi qeyd edib.

Şou zamanı hazırladığı yeməklər arasında plov, zəfəranlı və vanilli dondurma, narlı qoyun əti qızartması, xəngəl və digərlərinin adını çəkən Samirə qeyd edib ki, bu yeməklərin hər biri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Çəkdiyi böyük zəhmət nəticəsində teleşouda top 7-dək irəliləyib. Finala qədər yüksələ bilməsə də, dünyaca məşhur şouya qatılmasından fəxr hissi duyur. Hazırda uzun ayrılıqdan sonra ailəsi ilə birlikdə xoşbəxt həyatını davam etdirən S.Dəmirova gələcək planları barədə də danışıb. Qeyd edib ki, teleşoudan sonra çoxlu təkliflər alıb, amma buna baxmayaraq, əsas məqsədi – Azərbaycan mətbəxi haqqında kitab üzərində işə başlayıb.

Tezliklə Bakıya səfərə hazırlaşdığını deyən Samirə bildirib ki, işi burada davam etdirməyi planlaşdırır. Noyabrda isə Marqaret Riverdə təşkil edilən “Gourmet Escape” kulinariya festivalına qatılacaq.