“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) xalça istehsalı ilə yanaşı, qədim el sənətimizin dünyada təbliği sahəsində tədbirlər həyata keçirir. Bu istiqamətdə işlərin davamı kimi, “Carpet XL” jurnalının 4-cü sayında Azərbaycan xalçaçılığından bəhs edən növbəti yazı dərc olunub.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, məqalədə qədim xalçaçılıq ənənələrimizdən, müasir dövrdə xalçaçılığın inkişafından, “Azərxalça”nın fəaliyyətindən ətraflı bəhs edilir.

Qeyd olunur ki, dövrümüzə qədər gəlib çatan ən qədim Azərbaycan xalçaları XVI əsrdə toxunan “Əjdahalı” xalçalardır. Əsasən XVI-XVIII əsrlərdə toxunan bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.

Məqalədə Azərbaycanda boyaqçılıq sənətinin inkişaf tarixinə də nəzər salınır. Vurğulanır ki, XIX əsrin ortalarında Azərbaycanda istehsal olunan təbii boyaq maddələri həm də xaricə ixrac edilib.

Yazıda Qusarın Laza kəndinin, Şamaxının yun bazarının, qədim Azərbaycan xalçalarının və “Azərxalça”nın istehsalı olan məhsulların fotoşəkilləri də təqdim olunub.

Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən “SN Verlag” Nəşr Evi tərəfindən ildə dörd dəfə ingilis və alman dillərində nəşr olunan “Carpet XL” jurnalının əsas oxucuları ABŞ və Avropa ölkələrindədir. Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır.