Ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev oktyabrın 24-də Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət edib.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeyin ekspozisiyasına baxıb. Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib ki, Qobustan açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, buradakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.