Xalça Muzeyində keçə sənəti üzrə beynəlxalq simpozium keçirilir

Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində 3-cü “Türk dünyasının ortaq dili – naxışlar” beynəlxalq simpoziumu işə başlayıb. Simpozium “Keçə sənətindəki kəsişmə nöqtələri” mövzusuna həsr olunub.

Tədbir Mədəniyyət Nazirliyi, Xalça Muzeyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Türkiyənin Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə keçirilir.

Simpoziumun açılışında çıxış edən Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkəmizdə üçüncü dəfə təşkil edilən tədbirin coğrafiyası olduqca genişdir. Budəfəki simpoziuma, türkdilli ölkələrlə yanaşı, digər ölkələrdən də tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə mütəxəssislər – ümumilikdə 22 ölkədən nümayəndələr qatılıb.

Vurğulanıb ki, simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir.

Çıxış edən digər natiqlər simpoziumun əhəmiyyətindən söz açıblar.

Oktyabrın 27-dək davam edəcək tədbirin proqramına məruzələrin dinlənilməsi, müzakirələr, ustad dərsləri, həmçinin “Keçə sənəti müasir incəsənətdə” və “Ənənəvi keçə sənəti” adlı sərgilər də daxildir.