Bəşər tarixində mənzil rahatlığının bəlkə də ən ilk materialını araşdırmaqla məşğul olan tədqiqatçılar, bu qədim sənəti yaşadıb inkişaf etdirən sənətkarlar üç gün ərzində Bakıda bir araya gəldilər. Oktyabrın 25-dən 27-dək  paytaxtda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirildi.

Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Milli Komissiya, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə reallaşan tədbirə 22 ölkədən 80-dək mütəxəssis qatılmışdı.

Tədbir çərçivəsində keçirilən sərgilər, ustad dərsləri, dəb nümayişi xüsusilə türk arealında geniş yayılmış bu qədim sənətin nə qədər rəngarəng və sənətkar təxəyyülü üçün necə böyük imkanlar açdığını sübuta yetirdi. Simpoziumun “Keçə tarixindən”, “Ənənələr və müasirlik”, “Muzey kolleksiyalarında keçə”, “Keçənin bədii və texniki xüsusiyyətləri”, “Keçə müasir incəsənətdə” və “Keçə moda dünyasında bir brend kimi” mövzulu sessiyalarda 40-dan çox məruzə dinlənildi.

Xalça Muzeyində açılan “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgilərində bizim ustalarla yanaşı, Türkiyə, Qırğızıstan, Rusiya, Macarıstan, İsveç və ABŞ-ı təmsil edən sənətkarların əl işləri nümayiş etdirildi.

“Osmanlı” türk keçə texnikası üzrə Mehmet və Tereza Girgiçlər, “kiyiz” qırğız keçə texnikası üzrə Ayday və Nurcamal Asanqulovalar, “nuno-keçə” üzrə də Səlcuq Gurışık  dekorativ-tətbiqi sənətə həvəs göstərən bacarıqlı əl sahiblərinə və gənc  dizayner və dekoratorlara bir neçə ustad dərsi verdilər.

Simpoziumun ikinci günü “Four Seasons Baku” hotelində keçə sənətinin müasir dəb aləmində tətbiqini əks etdirən moda nümayişi maraqla qarşılandı. Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstanı təmsil edən 7 modelyerin kolleksiyasından seçmələr təqdim edildi. Nümayiş etdirilən libaslarda keçə sənətinin elementlərindən bol istifadə edilmişdi. Əgər dəb nümayişi zamanı iştirakçılar və qonaqlar arasında oynanılan lotereyanın qalibləri az oldusa, üç gün ərzində Azərbaycan Xalça Muzeyində keçə sənəti nümunələrinin satış-yarmarkasından əliboş çıxan olmadı. 

G.MİRMƏMMƏD