Qazaxıstanın “24.kz” televiziya kanalında Azərbaycanın qədim xalq sənəti təkəlduz haqda süjet təqdim edilib.

Telekanalın müxbiri dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi olduğu haqda danışaraq bildirib ki, sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm də təkəlduz sənətinin vətəni hesab olunur. Qeyd edilib ki, bu sənətlə məşğul olanlar arasında Anna Alxazova Qazaxıstanda doğulub böyüsə də, Şəkiyə gəlin köçüb. Uşaqlıqdan tikiş işlərinə maraq göstərən Anna qayınanasından təkəlduz sənətini həvəslə öyrənib.

Süjetdə Nizami Gəncəvinin əsərlərinə çəkilmiş rəsmlərin, buta, nar naxışlarından istifadə etdiyini deyən Anna Alxazova Azərbaycanda və ölkənin hüdudlarından kənarda keçirilən sərgilərdə dəfələrlə diplomlarla mükafatlandırıldığını bildirib.  O, gələcəkdə Qazaxıstanda öz sərgisini keçirmək istəyini və bunun üçün yeni işlərin kolleksiyasını hazırladığını söyləyib.