Azərbaycan

1 dekabr 1940 – Teatr xadimi, dramaturq, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyeslər yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.

1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 - 2004) vəfat edib.

 

2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (28.1.1848 - 1929) vəfat edib.

 

3 dekabr 1920 – Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920-1999) anadan olub.

3 dekabr 1928 – Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.

3 dekabr 2008 – Bakıda Avropa və müsəlman ölkələrinin mədəniyyət nazirlərini ilk dəfə bir araya gətirən beynəlxalq konfransda yekun bəyannamə qəbul olunub. Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin əsası qoyulub.

 

4 dekabr 1825 – Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.

 

5 dekabr 1906 – Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. “Səhər”, “Kölgələr sürünür” filmlərində çəkilib.

5 dekabr 1912 – Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub.

5 dekabr 1921 – Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

5 dekabr 1924 – Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib.

5 dekabr 1925 – Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

5 dekabr 1927 – Yazıçı Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində doğulub. “Azərbaycanfilm”in direktoru olub.

5 dekabr 1934 – Əməkdar artist, tanınmış pianoçu, professor Rafiq Teyyub oğlu Quliyev ( 1934 – 19.8.2007) Bakıda anadan olub.

5 dekabr 1941 – Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Ədib 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.

5 dekabr 1947 – Xalq artisti Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Marı şəhərində anadan olub. Azərbaycan Musiqili Teatrında çalışıb.

 

6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 - 2006) dünyasını dəyişib.

 

Dünya

 

1 dekabr 1935 – Amerika kinorejissoru, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub.

 

2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.

2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

3 dekabr 1358 – Osmanlı imperatorluğunda sufi şeyxi və mütəfəkkir kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.

 

4 dekabr 1875 – Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke; 1875-1926) anadan olub.

4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

4 dekabr 1922 – Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922-1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Təhlükəli əlaqələr” və s.

 

5 dekabr 1791 – Dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart; 27.1.1756 - 1791) vəfat edib.

5 dekabr 1901 – Amerikalı multiplikasiya rəssamı, rejissor, prodüser Uolt Disney (Walter Elias “Walt” Disney; 1901-1966) anadan olub.

 

6 dekabr 1841 – Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille; 1841-1870) anadan olub.

Hazırladı:  Vüqar ORXAN