Azərbaycan Xalça Muzeyində Əminə Məlikovanın “Kəlağayı sənəti” kitabının təqdimat mərasimi keçirildi. Nəşr “BP Azerbaijan” şirkətinin sponsorluğu və Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.

Tədbirdə çıxış edən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun Azərbaycanın kəlağayı sənətinin tədqiqi və təbliğinə dəstək olmasından qürur duyduğunu bildirdi. Qeyd etdi ki, nəşr kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini özündə əks etdirir.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Tamerlan Axundov çıxış edərək belə bir kitabın nəşrini əlamətdar hadisə kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycan mədəniyyətinin zəngin incilərindən olan kəlağayıya həsr edilən kitab əsl ipəkdən toxunmuş ənənəvi qadın baş örtüyünün hazırlanma və geyim mədəniyyətini əhatə edir. Zərifliyinə, rəngarəngliyinə və gözəlliyinə görə tarixən kəlağayı sənət nümunəsi hesab edilib. Qeyd edildi ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə ölkəmizin mədəni irsi həssaslıqla qorunur, tanıdılır və təbliğ edilir. Bu qayğı nəticəsində 2014-cü ildə Azərbaycanın “Kəlağayı simvolizmi və ənənəvi sənəti” faylı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Sektor müdiri kəlağayı irsinin tədqiqinə dəyərli töhfə olan nəşrin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür etdi və ümidvar olduğunu bildirdi ki, BP şirkəti ilə əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Kitabın elmi redaktoru Rəna İbrahimbəyova vurğuladı ki, çoxəsrlik ənənələrə malik olan kəlağayı sənəti milli etnoqrafiya, sənətşünaslıq və kulturologiya elmlərinin müstəqil tədqiqat sahələrindən biridir.

Nəşrin müəllifi Əminə Məlikova diqqətə çatdırdı ki, kitabda Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərən kəlağayı məktəblərində hazırlanan kəlağayı nümunələri barədə müfəssəl tarixi məlumatlar əksini tapıb: “Kəlağayı sənətinin zənginliyini, əks etdirən kitab zərif tərtibatına görə də özlüyündə bir sənət əsəridir. Kitab “ExpoOrg” şirkətinin dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılan geniş tədqiqatlar nəticəsində hazırlanıb”.

Xalça Muzeyinin direktoru Şirin Məlikova da kitabın əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, muzeydə kəlağayı sənətinə həsr olunan sərgi hazırlanıb. Sərgidə muzeyin kolleksiyasında qorunub saxlanılan nadir kəlağayılar nümayiş olunur.

Sonda qonaqlar sərgi ilə tanış oldular.

LALƏ