Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsləri İCOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Xalça Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.

Ustad dərslərinin keçirilməsi üçün Doha (Qətər) İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunub.

O, “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə aparıb və praktiki dərslər keçib. Proqram tekstilin sənədləşdirilməsi, liflərin identifikasiyası və mikroskopik analizi, xalça strukturunun identifikasiyası kimi incəlikləri əhatə edib. Xalça muzeyinin kolleksiyasından XVII əsrə aid “Xətai” xalçasının təmizlənməsi və konservasiyası həyata keçirilib.

Tatyana Jdanova arxeoloji və tarixi tekstilin elmi bərpası və konservasiyası üzrə mütəxəssisdir. Onun əsas fəaliyyəti Şərq xalçalarının texniki analizi və İslam İncəsənəti Muzeyinin tekstil kolleksiyası üzrə məlumat bazasının hazırlanması ilə əlaqəlidir.

Qeyd edək ki, konservasiya üzrə ustad dərsləri Xalça muzeyində 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində təşkil edilir. Layihənin məqsədi Azərbaycanın mədəni sərvətinin qorunub saxlanılması və xalq yaradıcılığının unudulmaqda olan növlərinin dirçəldilməsidir. Həmin layihə müxtəlif tikmə növləri, xovsuz xalçalar, misgərlik, zərgərlik, keramika və digər milli dekorativ-tətbiqi sənət növlərini əhatə edir.

2016-2017-ci illərdə sözügedən layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində Almaniya və Rusiyadan dəvət olunmuş bərpaçıların iştirakı ilə tekstilin konservasiyası və bərpası üzrə ustad dərsləri, Dağıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş tikmə ustalarının iştirakı ilə isə tikmə sənəti üzrə ustad dərsləri keçirilib.