Azərbaycan

12 (yeni təqvimlə 25) yanvar 1908 – Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera idi. Bəstəkarın Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına Hüseyn Ərəblinski quruluş vermişdi. Orkestr heyəti Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilər, dirijor Əbdürrəhim bəy Haqverdiyev idi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.

12 yanvar 1925 – Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925-1982) Quba rayonunun Susay kəndində doğulub.

12 yanvar 1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub. “Qardaşım mənim – sirdaşım mənim”, “Bir ömrün iztirabları” və s. povestlərin müəllifidir.

12 yanvar 1940 – Xalq artisti, klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (1940 -15.4.2009) Bakıda anadan olub.

 

13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. İkicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib.

13 yanvar 1909 – Tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Dəli Kür”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

 

14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. 1964-cü ildən Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (U.Şekspir; 1965), “Şəhərin yay günləri” (Anar; 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

14 yanvar 1952 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 - 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib.

14 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 - 1999) vəfat edib. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

Dünya

 

12 yanvar 1628 – Fransız yazıçısı Şarl Perro (Charles Perrault; 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.

12 yanvar 1876 – Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney; 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

12 yanvar 1910 – Alman aktrisası, iki dəfə “Oskar” laureatı Luiza Rayner (Luise Rainer; 1910 - 30.12.2014) Vyanada anadan olub.

 

13 yanvar 1931 - Rus yazıçısı Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir.

 

14 yanvar 1818 – Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Ulduzların uşaqları” və s. romanların müəllifidir.

14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.

14 yanvar 1911 – Rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Tunc quş” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN