Azərbaycan

12 fevral 1911 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

12 fevral 1912 – Memar, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadə (1912 - 12.3.1969)  anadan olub. Tibb Universitetinin binası, “Ulduz” metro stansiyası və s. memarlıq layihələrinin müəllifidir.

12 fevral 1923 – Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923 - 6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

12 fevral 1925 – Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.

12 fevral 1933 – Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933 - 23.1.1995) anadan olub. H.Zərdabinin (Bakı), C.Cabbarlının (Sumqayıt)  abidələrinin müəllifidir.

12 fevral 1933 – Xanəndə, Əməkdar artist Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində doğulub.

 

13 fevral 1910 – Filologiya elmləri doktoru, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızıdır.

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə (16.8.1925 - 2009) vəfat edib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.

 

14 fevral 1918 – Memarlıq doktoru, Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 - 19.11.2003) anadan olub. Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığı tarixinə dair əsərlərin müəllifidir.

14 fevral 1925 – Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (1925 - 2.5.2005) anadan olub.

14 fevral 1948 – Şair, dramaturq, publisist Mərkəz Qacar (Mərkəz Mikayıl oğlu Quliyev; 1948 – 13.11.2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, qəzəl, poema, dram əsərlərinin müəllifidir.

14 fevral 1956 – Azərbaycan Televiziyasının yarandığı gündür. Həmin gün yayıma başlayan Bakı televiziya studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildən televiziya gündəlik yayıma keçib.

 

15 fevral 1909 – Əməkdar incəsənət xadimi Xədicə Bahəddin qızı Qazıyeva (1909 - 7.6.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan teatrında çalışıb.

15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 - 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. 1956-cı ildən Milli Dram Teatrında çalışıb. Film və televiziya tamaşalarında çəkilib.

15 fevral 1946 – Xalq artisti, Dövlət mükafatı laureatı Əliabbas Gülabbas oğlu Qədirov (1946 - 8.3.2006) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, bir müddət (2002-2006) teatra rəhbərlik edib. Kinoda (“Qızıl uçurum”, “Nəğmə dərsi”,  “Sevinc buxtası”, “Küçələrə su səpmişəm” və s.) yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

12 fevral 1865 – Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.

12 fevral 1881 – Dünya şöhrətli balerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.

 

13 fevral 1769 – Rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903-1989) anadan olub.

 

14 fevral 1483 – Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.

14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.

 

15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb. Belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında çap edilib.

Hazırladı:  Vüqar ORXAN