Azərbaycan

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda anadan olub. Dövlət İncəsənət Universitetinin rektoru olub, “Qızlar və bənövşələr”, “Nəğməli günlərim” və s. şeir kitablarının müəllifidir.

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

 

21 avqust 1930 – Tanınmış ədəbiyyatşünas, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib. 

21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 22.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.

 

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 – 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, Bülbülün memorial muzeyinin direktoru işləyib.

22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917-1978) vəfat edib. II Dünya müharibəsinin iştirakçısı olub, əsirlik, sonra Sibirdə sürgün həyatı yaşayıb. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

23 avqust 1922 – Tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) anadan olub. “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərinin quruluşçu rejissorudur, filmlərin səsləndirilməsində iştirak edib.

 

24 avqust 1896 – Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya mühacirət edib. Miçiqan Universitetində dərs deyib, “İslam incəsənəti” jurnalının redaktoru olub.

24 avqust 1926 – Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926-1986) anadan olub. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib. “Mingəçevir” simfonik poeması, “Cırtdan” nağıl-operası və s. əsərlər, filmlərə musiqi yazıb.

24 avqust 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Əkbər Zərbalı oğlu Cəfərov (1933-1990) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. “Leyli və Məftun” dastanının, çoxsaylı şeirlərin müəllifidir.

 

25 avqust 1915 – Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.

25 avqust 1926 – Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 – 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: “Dağ çayı”, “Aşıq Qərib”, “Çövkən oyunu”, “Payız bağında” və s.

25 avqust 1931 – Yazıçı, naşir, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931 – 30.5.1990) anadan olub. “Azərnəşr”in direktoru olub.

25 avqust 1942 – Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942 – 26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Karvan gedir” və s.

25 avqust 1945 – Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 – 21.5.1987) anadan olub. Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.

25 avqust 1948 – Əməkdar artist Faiq Məsim oğlu Qasımov (1948-2017) anadan olub. Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

 

Dünya

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

21 avqust 1871 — Rus yazıçısı Leonid Andreyev (1871-1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” pyes) və s. 

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

 

23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

23 avqust 1880 – Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

 

24 avqust 1899 – Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.

24 avqust 1903 – İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland; 1903-1980) anadan olub.

   

25 avqust 1724 – İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.

25 avqust 1891 – İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico; 1891-1952) anadan olub. “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.

25 avqust 1900 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10. 1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.

25 avqust 1918 – Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.

25 avqust 1930 – Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya (1930 – 4.4. 2019) anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza!” və s.

Hazırladı:  Vüqar ORXAN