Azərbaycan

26 avqust 1892 – İctimai-siyasi xadim, publisist Seyid Cəfər Pişəvəri (1892 – 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin Baş Naziri olub.

26 avqust 1940 – Əməkdar artist, müğənni İdris Saleh oğlu Mehdiyev (1940-2015) Gəncə şəhərində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xorunun solisti və direktoru olub.

 

27 avqust 1921 – Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 – 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.

27 avqust 1928 – Əməkdar rəssam Nadir Əlimuxtar oğlu Zeynalov (1928 – 16.3.1987) anadan olub.

27 avqust 1929 – Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 – 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb, filmlərdə (“Yol əhvalatı”, “Güllələnmə təxirə salınır!...”) çəkilib.

27 avqust 1998 – Görkəmli kinorejissor, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə (7.2.1919 – 1998) vəfat edib. Çəkdiyi filmlər: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s.

 

28 avqust 1935 – Yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

28 avqust 1948 – Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 – 2.2.2003) anadan olub.

28 avqust 1968 – Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı – 1968) vəfat edib.

 

29 avqust 1890 – Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890- 1967) Bakının Maştağa kəndində anadan olub.

29 avqust 1960 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 – 15.06.1992) anadan olub.

29 avqust 1965 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880 – 1965) vəfat edib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

 

Dünya

 

26 avqust 1880 – İtalyan-polyak əsilli Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Wąż-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.

26 avqust 1913 – Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.

26 avqust 1914 – Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: “Uduş”, “Sonuncu raund”, “Manuelin kitabı” və s.

 

27 avqust 1770 – Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.

27 avqust 1856 – Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar” (roman), “Oğurlanmış xoşbəxtlik” (şeirlər toplusu).

27 avqust 1871 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.

27 avqust 1896 – Rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman; 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.

 

28 avqust 1749 – Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.

 

29 avqust 1780 – Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres; 1780-1867) anadan olub.

29 avqust 1862 – Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck; 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.

29 avqust 1903 – Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.

Hazırladı:  Vüqar ORXAN