Müasir dövrdə yaradıcı sənayenin inkişafına xüsusi önəm verilir. Mədəniyyətin müxtəlif sahələrinin təmsil olunduğu yaradıcı sənayedə müstəqil teatrların da fəaliyyəti əhəmiyyət kəsb edir. Azərbaycanın teatr mühitində yaranan belə sənət ocaqlarından biri də “dOM” teatrıdır. 2017-ci ildən fəaliyyət göstərən teatrın direktoru Tərlan Rəsulovla söhbətimizdə kollektivin fəaliyyəti, interaktiv teatr anlayışının cəmiyyət tərəfindən qavranılması məsələlərinə toxunduq.

 

– Bu teatr hansı zərurətdən yarandı və nəyə görə “dOM”?

– Ümumiyyətlə, teatr yaratmaq istəyim 2016-cı ildən başladı və bir il sonra onu reallaşdırdım. Mənim aləmimdə yeni teatr yaratmaq istəyən hər bir kəs ilk növbədə müəyyən bir konsepsiyadan çıxış etməlidir. Sözsüz ki, mənim teatrım olsun eqoizmi, az da olsa, həmişə var. Amma bu tam eqoizm yox, istəkdir. Çünki arzu olmadan yaxşı mənada nəsə əldə etmək mümkün olmaz. “dOM”a gəlincə, ingilis dilində “play” sözü var, həm pyes, həm oyun, həm də tamaşa deməkdir. Söz oyunundan istifadə edərək “with out play” (oyunsuz) ifadəsinin baş hərflərini (WOP) tərsinə çevirdik “dOM” alındı. “Poliqon” teatr platforması “dOM” teatrının layihələrindən biridir. “Poliqon” adında da söz oyunundan istifadə eləmişəm. Məsələ bundadır ki, “poliqon” ingilis dilində çoxşaxəli, çoxbucaqlı deməkdir. Bu platforma müxtəlif layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

 

– Niyə məhz interaktiv?

– 2005-ci ildən interaktiv teatr növləri ilə məşğul idim deyə, həm də öz inkişafım üçün müəyyən dərəcədə perspektiv gördüyümdən həmin teatr növlərini təcrübədən keçirdim. Xüsusilə ənənəvi teatr sahəsində problemlərlə üzləşəndən sonra başa düşdüm ki, Azərbaycan tamaşaçısını bütün interaktiv teatr növləri ilə tanış etmək lazımdır. Birinci mərhələdə tamaşaçıları sırf maarifləndirmək üçün bu tamaşaları təqdim etdik.

 

– İnteraktiv teatr yeni aktyor oyunu tələb edir...

– Bu günə kimi YARAT Müasir İncəsənət Mərkəzində, “Antikafe”də, “ARTIM rooms” sərgi salonunda, Milli Xalça Muzeyində tamaşalar oynamışıq. İnteraktiv teatr üçün qeyri-adi məkanlar daha uyğundur. Öz təcrübəmə arxalanaraq əmin oldum ki, interaktiv teatr tamaşalarında iştirak üçün yeni aktyor oyunu texnikasına ehtiyac var və yeni metodika yaratmaq lazımdır. Bu səbəbdən də “Poliqon” yaradıcılıq platforması meydana gəldi. Bu platformanın yaradılmasına Azərbaycan Teatr Xadimləri İttifaqı, “Asmart”, “Actors agency” yaxından dəstək oldular. Platforma Azərbaycan teatr məkanında alternativ teatr ideyalarının realizəsini nəzərdə tutan yaradıcı birlikdir.

Bu layihə çərçivəsində aktyorluq sənəti üzrə təhsil alan, fəaliyyət göstərən və ya gələcəkdə fəaliyyət göstərmək niyyətində olan iştirakçılar müsabiqə yolu ilə seçildilər. Teatr təhsili olmayanlar cəlb edilmişdi və biz metodikanı sınaqdan keçirdik.

 

– Yeni metodika ilə bağlı fikirlərinizdə Yakob Morenonun “Spontan teatrı” ilə bir bağlılıq varmı?

– Vaxtilə Moreno bu yolu sınaqdan keçirmiş, müəyyən problemlərlə üzləşmiş və işi alınmamışdı. Moreno metodikasının tənəzzülə uğramaması üçün bunu tətbiqi sahəyə – psixoterapiyaya yönəldirdi... Bu metodika üzrə ilk tamaşamız Sevinc Çılğının “Şağ” əsəri əsasında səhnə işi oldu. Tamaşanı YARAT-ın səhnəsində təqdim etdik. Özlərinin də xəbəri olmadan tamaşaçılar oyuna qatılmışdılar. İnteraktiv teatrda improvizə deyil, xüsusi aktyor texnikası daha önəmlidir. Ancaq tamaşaçı ilə çalışmaq çox mürəkkəb işdir. Tamaşanı oynamaq asandır, amma sən elə oynamalısan ki, tamaşaçıda bu oyuna qatılmaq istəyi yaransın. Buna görə də yeni spontan aktyor oyun texnikası tərtib etdim. Demək olar ki, bu metodikanı bitirmək üzrəyəm. Burada mövzu təsdiq olunur. Heç bir məşq olmadan yerindəcə tamaşa oynanılır.

 

– Heyətiniz neçə nəfərdən ibarətdir?

– Heyətimiz sabit deyil. Kimisi gəlir, kimisi gedir. Ancaq seçmə aktyorlardır. Əksəriyyəti də gənclərdir. Məkan məhdudiyyəti olmadığı üçün bizdə truppa məsələsində də fərqli yanaşma var. Layihədən layihəyə fərq olur. “Poliqon” platformasının iştirakçıları da bura cəlb olunur.

 

– Bir qədər də müstəqil teatrlara münasibətdən danışaq...

– Çox şadam ki, son zamanlar dövlətimiz qeyri-dövlət sektorundakı canlanmanı nəzərə alaraq bu sahəyə təkan verir, şərait yaradır. Həmçinin incəsənət sahəsində özəl biznes, özəl iqtisadi formalar, o cümlədən teatr kompaniyaları, qalereyalar, moda və s. sahələrə dəstək verilir. Kreativ sənaye sahələri son illərdə Avropada iqtisadiyyatın ayrılmaz və vacib hissələrindən birinə çevrilməkdədir. Teatr, muzey, tətbiqi sənət, folklor nümunələri və s. yaradıcı sənayenin əsas istiqaməti olaraq bəzi ölkələrdə əldə edilən gəlirə görə əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu proses bizdə də qaçılmazdır. Müəyyən müddətdən sonra yaradıcı sənayelərin inkişafı üçün daha məhsuldar və konstruktiv bir hüquqi baza yaradıla bilər.

 

– Yeni tamaşanız barədə nə deyərdiniz?

– Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan (11 noyabr - red.) “İclas” tamaşası İsmayıl İmanovun pyesi əsasında hazırlanıb. Tamaşada səkkiz aktyorumuz oynayır. Əməkdar artistlər Yaqut Paşayeva, Qasım Nağıyev və “Poliqon”un uşaqları. Təbii ki, yenə də tamaşaçıların iştirakı ilə. Valideyn iclası formatında keçirilən tamaşada seyrçilər tamaşanın gedişatında iştirak edə bilərlər. Bu tamaşa da bir sınaqdır. Çünki iki interaktiv teatr növünü bir yerdə təqdim edirik: forum və görünməz teatr. Final isə tamaşaçıların fəaliyyətindən asılı olaraq yekunlaşacaq.

 

– İndiyəcən neçə tamaşa hazırlamısınız? Qarşıda nə kimi planlarınız var?

– “Limbo”, “Şağ”, “İki amerikano və çizkeyk”, “Söz” ədəbiyyat layihəsi çərçivəsində Mikayıl Müşfiqə həsr olunmuş “Etiraf” tamaşalarını hazırlamışıq. Planlara gəlincə, spontan aktyor oyunu texnikasını təkmilləşdirib Azərbaycandan kənarda tədris etmək fikrindəyəm. Müştərək bir layihə də etmək istərdim.

LALƏ