Xalq rəssamı, rəngdən, boyadan ilham alan Ağa Mehdiyev (1920-2003) gözəlliklər diyarı Azərbaycanın bol-bərəkətli, münbit torpaqlı, yeddi dağ arasında yerləşən Lahıc qəsəbəsində dünyaya göz açaraq rəngarəng yaradıcılıqla dolu həyat yolu keçib.

Doğum günü (21 mart 1920-ci il) Novruz bayramına təsadüf edən rəssamın Girdiman çayının, uca dağ şəlalələrinin, şəffaf sulu bulaqların axdığı, küçə boyu cavanların çapar atlarının nal səsi, misgərlərin çəkic zərbləri ilə həmahəng, nəfis ornamentli xalçalar diyarı olan bu torpaqda dünyaya gəlişi həyatı boyu yaratdığı tabloların rəng və koloritində coşqunluqla özünü büruzə verib. Ağa Mehdiyevin tablolarının rəngləri nikbin ruhlu rəssamın həyatının aynasıdır. Ailədə qardaşları elmi, o isə təsviri sənəti seçdi. Manaf Süleymanov öz kitabında bu barədə belə yazır: “...Ağa Cəfərin övladlarından Soltan Mehdiyev kimya elmləri üzrə akademik, Əlövsət Mehdiyev tibb elmləri doktoru, professor idi, Ağa Mehdiyev isə istedadlı rəssamdır”. 

Ağa Mehdiyev 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirəndən sonra bir çox respublika və ümumittifaq sərgilərində iştirak edərək müxtəlif mövzu və janrlarda yaddaqalan əsərlər yaradıb. Rəssamın “Gizli “Nina” mətbəəsi” (1939), “Savadlılar ailəsi” (1940), “Partizan” (1941), “Zaqatala peyzajı” (1944), “Fərhad dağ çapır” (1945), “Bakıda “Kommunist” küçəsi” (1946), “Qızıl Ordu üçün meyvə yığımı” (1947), “Rayon komsomol komitəsində” (1948),  “Qatır Məmmədin dəstəsi” (1949), “Qurzuf” (1950),  “Xəzər neftçiləri” (1951), “Tərbiyəçi” (1952), “Lahıc” (1955), “Girdiman” (1956), “Göyçay” (1957), “Köhnə neft mədənində” (1958), “Ayıdağ” (1959) və s. əsərlərini ilkin yaradıcılıq nəticələrində öz dəst-xəttinin, üslubunun müəyyənləşməsinin başlanğıcı kimi göstərmək olar.

Əgər XX əsrin 20-30-cu illəri Azərbaycanda peşəkar rəngkarlıq sənətinin formalaşma dövrü kimi əlamətdardırsa, 50-60-cı illər isə rəngkarlığın yeni sənət üfüqlərinə, orijinal ifadə tərzinə, janr rəngarəngliyinə yüksəlməsi dövrüdür. Bu dövr ciddi yaradıcılıq axtarışları aparan, sənətdə öz dəst-xətti ilə seçilən yeni rəssamlar nəslinin yetişdiyi mərhələdir. Azərbaycan incəsənətində dəzgah boyakarlığının özünəməxsus kolorit zənginliyi ilə seçilən Ağa Mehdiyev məhz bu dövrdən öz sözünü deməyə müvəffəq olmuş rəssamlardandır.

Ağa Mehdiyevin əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, İspaniya, Türkiyə, Yaponiya, ABŞ, habelə Misir, Əlcəzair, İraq və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib, dəfələrlə fərdi sərgiləri keçirilib. Məsələn, Yaponiyada rus və sovet incəsənətinin fəal təbliğatçısı kimi tanınmış kolleksiyaçı xanım Nakamura rəssamın 12 peyzajını əldə etmiş və 1976-cı ildə “Müasir sovet rəngkarlığı” sərgisinin kataloqunda onun Tokiodakı şəkil qalereyasında olan üç peyzajı yer almışdı. Güclü rəng hissiyyatına malik olan sənətkarın “Türkiyədə” (1960) seriyasına daxil olan əsərləri – “İstanbul duman içində”, “Bosfor yağışdan sonra”, “İstanbulda. Qalata körpüsü”, “İstanbul axşamı”, “Bosforda qayıqlar”, “İzmir. Egey dənizi sahili”, “İstanbulda bir buxta”, “Bursada bir küçə”, “Köhnə Ankara”, “Türk qızı”, “Süleymaniyyə məscidi”, “Qalata gülləsi”, “Bursada bazar”, “Yeni Ankara”, “Mərmərə dənizində ada” və s. tablolarında rəssam bu ölkənin mənzərələrinin kompozisiya poetikliyini, kolorit zənginliyini, arxitektura mənzərələrini peşəkar yetkinliklə tamaşaçı müzakirəsinə təqdim edib. Ağa Mehdiyevin “M.Ə.Rəsulzadənin portreti” əsəri M.Ə.Rəsulzadə tərəfindən Ankarada qurulan (1949) “Azərbaycan Kültür Dərnəyi”ndə daimi ekspozisiyada yer alıb.

Rəssamın “Yolasalma” (1978), “İntizar” (1975), “Eyvanda” (1977), “Səhər” (1987),  “Xalçaçı” (1979),  “Nar yığımı” (1984), “Uca dağlarda” (1985), “Bahar” (1987), (1985), “Kamança çalan” (1984), “Yaylaqda” (1977), “Xalq bayramı” (1976), “Güləş” (1979), “Yağışdan sonra” (1985), “Qızmar gün” (1977), “Abşeron” (1979), “Köhnə həyət” (1982), “Sakitlik” (1985), “Qayıqlar” (1979), “Dağlar” (1979), “Qala” (1980), “Çoban” (1982), “Dağlı qadın” (1985), “Lahıclı qız” (1980), “Günorta (Lahıc)” (1982), “Günəşli gün” (1976), “Təndir başında” (1988), “Payız” (1989), “Bürkü” (1977), “Şər qarışanda” və s. bu kimi əsərlərində Azərbaycanın dilbər guşələrini, sadə insanların portretlərini, zəhmətini, gözəlliyini görürük.

Tanınmış şair, ədəbiyyatşünas Rəfiq Zəka Xəndan 1996-cı ildə Türkiyədə nəşr olunan “Candaş” qəzetində Ağa Mehdiyevi “Ruhun rəssamı” adlandırmışdı. Çünki onun əsərləri ruhu oxşayır. Rəssam sanki predmetin yox, rəngin, kompozisiyanın axtarışındadır. Məşhur fransız rəssamı Ejen Delakruanın sözləri ilə desək, “Hər bir tablonun birinci təəssüratı bayram olmalıdır”. Ağa Mehdiyevin tabloları rənglərin bayramıdır, mövzusundan asılı olmayaraq, çılğın rəng çalarlarının bir-birilə tandemi tablolarda bunu sübut edir. O, yaradıcılığının mövzu müxtəlifliyini, daxili dünyasının rəngarəngliyini, vahid həmahəng bir rənglər dünyasını tablolarında canlandırıb. “Qanlı gecə” (1990), “Əhməd Cavad” (1991), “Koroğlu” (1992), “Novruz süfrəsi” (1995), “Şeyx Şamil” (1997), “Avtoportret 1997”, “Emalatxanada” (1998), “Ağ yaylıqlı qadın portreti” (1999) və s. əsərləri belə nümunələrdəndir.

Milli və dünya tarixinin görkəmli nümayəndələrinin portretləri rəssamlar üçün həmişə yaradıcılıq mövzusu olub. Ümummilli lider Heydər Əliyevin təsviri və dekorativ-tətbiqi sənətin bir çox növlərində yaddaqalan surəti yaradılıb. Öz fırçası ilə ulu öndəri canlandıran rəssamlardan biri də Xalq rəssamı Ağa Mehdiyev olub. Azərbaycan rəhbərinin 1997-ci ildə ABŞ-a səfəri və Prezident Bill Klinton ilə görüşü Ağa Mehdiyevin “Dostluq görüşü” əsərində əksini tapıb. Heydər Əliyev tünd göy kostyumda, ağ köynəkdə və qırmızı-ağ çalarlı qalstukda, Bill Klinton qara kostyumda, ağ köynək və sarı, qırmızı, göy və qara çalarları olan qalstukda təsvir olunub. Arxa planda ABŞ və Azərbaycanın bayraqları təsvir edilib. Kompozisiya, işıq-kölgə, tablonun quruluşu vasitəsilə iki ölkə başçısının sifət cizgiləri, onların əhval-ruhiyyəsi və xoş münasibətləri çox dəqiqliklə çatdırılıb.

Rəssam bu tabloda həmçinin əsər içində əsər təsvir edib. Ağ Evdəki “Ruzvelt otağı”nda (görüşün keçirildiyi məkan) divardan asılmış “Teodor Ruzvelt at üstündə” tablosu (müəllif – polyak rəssamı Tade Styka, 1909) da əsərdə əks olunub.

Ümumiyyətlə, Ağa Mehdiyevin fırçasından çıxan portretlər ilk baxışda insanı təkcə özünün dərin psixologizmi ilə deyil, bəzən də bu əsərlərdə işığın oynaması, rəng ləkələrinin birləşməsi ilə də cəlb edir. Rəssamın yaradıcılığında şəxsiyyətlərin xarakterik cizgilərini büruzə vermək, obrazlarda tipik cəhətləri üzə çıxarmaq bacarığı bütün tablolarında müşahidə edilir.

Azərbaycan təsviri sənəti tarixində iz qoymuş, əsərləri müxtəlif muzeyləri, şəxsi kolleksiyaları bəzəyən Ağa Mehdiyev qayğıkeş həyat yoldaşı, beş övladının sevimli atası, on nəvənin istəkli babası olaraq 83 il ömür sürüb. Tabloları keçmişimizi canlandıran, sənətşünaslar tərəfindən “Azərbaycanın Qogeni” adlandırılan rəssamın 100 illik yubileyinə həsr olunmuş sərgilərdə bir daha sənətkar ömrünün tamaşaçısı olacağıq.

Könül ƏZİMOVA
Rəssamlar İttifaqının üzvü