İyunun 8-də ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib. Təhsil Nazirliyindən bildirilib ki, imtahanlar COVİD-19 pandemiyası ilə əlaqədar olaraq onlayn təşkil olunub.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər. Onlar üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq. Tələbə oxuduğu təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatıla bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan etibarən sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq.

Həmçinin buraxılış ilində tədris alan 40 mindən çox tələbə dövlət imtahanından azad (əvvəlki akademik göstəriciləri əsas götürülməklə) edilib.

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elmi şurasının iclasının qərarına əsasən, yaz imtahan sessiyası və yekun buraxılış dövlət attestasiyasının təşkil olunması qaydaları müəyyənləşdirilib.

BXA-dan bildirilib ki, akademiyanın orta ixtisas təhsil pilləsi, bakalavriat və magistratura səviyyələrində tədris planını uğurla başa vurmuş tələbələr təhsil müddətində əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq attestasiyadan keçmiş hesab edilir. Göstəricisi ilə razılaşmayan tələbələr üçün iyun ayında ixtisas üzrə dövlət imtahanı onlayn şəkildə təşkil olunacaq. Orta ixtisas təhsil pilləsi və bakalavriat səviyyəsinin buraxılış kursunda oxuyan əvvəlki semestrlərdən iki fənnə qədər akademik borcu olan qeydiyyatdan keçmiş tələbələr də imtahanlarda iştirak edəcəklər. Magistratura səviyyəsində isə dissertasiya işlərinin müdafiəsi ixtisaslaşdırılmış şuralarda onlayn şəkildə keçiriləcək.

Vurğulanıb ki, Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas təhsil pilləsi, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin (istehsalat və elmi tədqiqat) təcrübələrinin qiymətləndirilməsi iki istiqamətdə (ixtisas fənləri üzrə tələbənin 4 illik, magistratura pilləsi üzrə elmi tədqiqat təcrübəsi tələbənin ilyarımlıq fəaliyyəti üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla) keçirilir. Əvvəlki semestrdə (prerekvizit) davamlı fənn üzrə tələbənin imtahan nəticəsi cari semestrdə əsas götürüləcək. Digər fənlər isə (korekvizit) onlayn dərslərdə yığılan ballar və əlavə tapşırıqlar (kurs işi, referat və sair) verilməklə 100 bal sisteminə uyğunlaşdırılacaq. Ümumi orta müvəffəqiyyət göstəricisinin nəticəsi ilə razılaşmayan tələbələr üçün iyulun 5-nə qədər müraciət etdiyi ərizəyə əsasən avqust-sentyabr aylarında onlayn imtahan təşkil olunacaq.

Həmçinin əvvəlki semestrdə iki fənn üzrə, cari semestrdə isə akademik borcu yaranmış hər fəndən bir dəfə olmaqla imtahanda iştirak etmək istəyən tələbələrin qiymətləndirilməsi cari semestr bitəndən sonra ödənişsiz əsaslarla təşkil olunacaq. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış tələbəyə də sentyabr ayına qədər akademik borcunu ləğv etmək şərti ilə təqaüd ödəniləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına onlayn rejimdə start verilib.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və prorektorlar fakültələr üzrə imtahanların gedişini izləyiblər. Rektor qeyd edib ki, dünyanı bürüyən pandemiya ilə əlaqədar olaraq dərslər müxtəlif platformalar vasitəsilə onlayn rejimdə keçirilib. Bu səbəbdən tələbələrə müəyyən güzəştlər edilib, prerekvizit (davamedici) fənn, qabiliyyət ixtisaslarında baza fənləri və bütün təcrübələr üzrə imtahanlar təxirə salınıb. Digər fənlər üzrə yaz semestrinin imtahan sessiyasının onlayn təşkil edilməsinə qərar verilib.

Sessiya ərzində 5 fakültə üzrə ümumilikdə 468 imtahanın keçirilməsi nəzərdə tutulur. Sessiyada hər hansı səbəbdən iştirak etməyən və ya müvəffəq qiymət almayan tələbələrə avqust-sentyabr aylarında ödənişsiz icmal mühazirələr təşkil ediləcək və onların imtahanlarda iştirakı üçün şərait yaradılacaq.