XIX əsrdə Azərbaycanın Qarabağ bölgəsi görkəmli şairləri və tarixçi-salnaməçiləri ilə tanınıb. “Qarabağ tarixi” (“Kitabi-tarixi-Qarabağ”) kitabı ilə məxəzlərdə yer alan və bədii yaradıcılığı ilə poeziyamızı zənginləşdirən Mir Mehdi Xəzani də onlardan biridir.

Mənbələrdə Mir Mehdi Mir Həşim oğlu Xəzaninin 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində dünyaya göz açdığı bildirilir. O, mədrəsədə təhsil alıb, ərəb və fars dillərini öyrənib. Qarabağın bir neçə kəndində mədrəsədə müəllim işləyən Mir Mehdi 1859-cu ildə indiki Xocavənd rayonunun Tuğ kəndində məskunlaşır. Burada da uzun müddət müəllimlik fəaliyyətini davam etdirir. Həmçinin Qarabağın ədəbi-mədəni mərkəzi olan Şuşa şəhərinə gedir, orada dövrünün tanınmış şair və musiqiçiləri ilə münasibət qurur. Onun istedadı və dünyagörüşü Şuşanın hörmətli şəxslərinin diqqətini çəkib.

Mir Mehdi pedaqoji fəaliyyətlə yanaşı, Qarabağın tarixi ilə bağlı kitab yazmağa başlayır. O, Qarabağ ədəbi-elmi mühitində daha çox “Qarabağ tarixi” əsəri ilə tanınıb. Kitabın müqəddiməsində müəllifin qeydindən bəlli olur ki, əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin eyni mövzuda salnamələrindən istifadə etməklə Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə yazıb.

Qarabağ xanlığının yaranmasından Türkmənçay sülh (1828) müqaviləsinədək olan tarixi bir dövrü əhatə edən əsər müqəddimə və 24 fəsildən ibarətdir. Orijinal nüsxəsi günümüzə gəlib çatmayan bu mənbənin yazılma tarixi də dəqiq deyil. Ancaq salnamə 1866-cı ildən elmi-ictimai mühitdə tanınıb. Həmin il və sonralar, 1905-ci ildə bir daha üzü köçürülüb.

Müəllif kitabın birinci fəslində Qarabağın təbii-coğrafi vəziyyəti, sərhədləri, şəhərləri və s. haqqında geniş məlumat verib. İkinci fəsildə isə o, Qarabağın keçmişindən Nadir şahın öldürülməsinə (1847) kimi tarixin qısa xronikasını verməyə çalışıb. Sonrakı fəsillərdə isə Qarabağ xanlığının qurucusu Pənahəli xanın əsil-nəcabəti və xanlığın yaranması və digər tarixi proseslərdən bəhs olunur. “Qızılqaya xəyanəti” (1752) kimi tarixə düşən Şəki hakimi Hacı Çələbi xana qarşı ittifaqa girən Azərbaycan xanlarının Kartli-Kaxetiya çarı II İrakli tərəfindən əsir götürülməsi və sonda Hacı Çələbi tərəfindən azad edilməsi və s. kimi hadisələr təfsilatı ilə verilib. Pənahəli xanın vəfatından sonra oğlu İbrahimxəlil xanın hakimiyyətə gəlməsi və onun hakimiyyəti dövründə Qarabağda baş verən tarixi hadisələr də salnamədə yer alıb.  

Mir Mehdi həm də istedadlı şair olub, “Xəzani” təxəllüsü ilə şeirlər yazıb. M.Müctəhidzadənin “Riyazül-aşiqin” əsərində verilən məlumata görə, onun lirik şeirlər toplusu – divanı olub. Şair bədii yaradıcılığında Məhəmməd Füzuli ənənələrinə və xalq ədəbiyyatı üslubuna söykənib. Qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı, bayatı janrlarında bənzərsiz nümunələr yaradıb. Şair “XIX əsr Azərbaycan şeiri antologiyası” kitabında verilən bir qəzəlində deyir:

...Xumar gözlərinin çün məriziyəm, ey gül,
Rəva deyil ki, qalam böylə zar, rəhm eylə!
O qədər möhnəti-hicranını çəkib könlüm
Ki, qalmayıb dəxi səbri-qərar, rəhm eylə!...

1894-cü ildə vəfat edən Mir Mehdi Xəzaninin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda 117 vərəqdən ibarət “Xəyalat məcmuəsi” adlı şeirlər toplusunun əlyazması saxlanılır. Həmin əlyazmada şairin yüzdən artıq qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı və tapmacaları yer alıb. Eyni zamanda Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abdulla bəy Asi və digər Qarabağ şairlərinin şeirləri toplanıb.

Onu da qeyd edək ki, Mir Mehdi Xəzaninin əsərləri ilk dəfə kitab şəklində 1989-cu ildə çap olunub.

Savalan FƏRƏCOV