Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlının ikicildlik “Azərbaycan türk mifologiyası” kitabının birinci cildi Almaniyanın “LAP – Lambert Academic Publishing” nəşriyyatında rus dilində çapdan çıxıb və dünyanın  məşhur “Amazon” kitab ticarəti şəbəkəsində yayımlanmağa başlayıb.

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyasının tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir. Eləcə də Azərbaycan türklərinin sakral düşüncə atributları, ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, ritual-mifoloji rekonstruksiya problemləri araşdırılır.

S.QALİBOĞLU