AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşr Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın epiqrafik abidələrinin geniş yayıldığı yerlərdən biri, Əlincəçayın adı ilə adlanan mahala daxil olan yaşayış məskənlərində qeydə alınan epiqrafik abidələrdən bəhs edir.

Azərbaycanın Orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən bu abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının Əlincəçay mahalından çıxmış və ya orda yaşamış sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.

Sənduqə və qoç heykəl tipli qəbirüstü xatirə abidələri Orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə - bədii daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə də imkan verir.