Ukraynada yaşayan həmvətənimiz, tanınmış yazıçı Qriqori Hüseynov 70 yaşı tamam olması münasibətilə bu ölkənin mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ən yüksək dövlət təltifinə — Taras Şevçenko adına Milli mükafata layiq görülüb.

Jurnalist, Ukraynanın nüfuzlu ədəbi nəşrlərindən sayılan “Kuryer Krivbassa” jurnalının baş redaktoru olan yazıçı həm də Ukrayna Prezidentinin fərmanı ilə bu mötəbər mükafatla təltif olunan ilk azərbaycanlıdır.

Qriqori Hüseynov əlliyə yaxın kitabın müəllifidir. Onun ən məşhur əsərlərindən biri “Stansiya pastoralları. Uşaqlığın etirafı” povestidir. Yazıçının öz uşaqlıq illərindən bəhs edən bu əsər nəşr olunduğu ilin ən yaxşı kitabı hesab edilmişdi. Ukrayna oxucuları üçün bu kitabın unikallığı ondan ibarət idi ki, müəllif Ukrayna oxucusu üçün sadə və aydın dillə İkinci Dünya müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ukraynalıların və azərbaycanlıların dostluq münasibətlərindən söhbət açır.

Qriqori Hüseynov bədii istedadı sayəsində Ukraynadakı Azərbaycan icmasını ölkə xaricində də təbliğ edir, onun kitablarını Amerikada, Kanadada, Avropada oxuyurlar.