Müasir Azərbaycan səhnə sənətinin inkişaf tarixində neçə-neçə görkəmli teatr xadiminin adını çəkmək olar. Ötən əsrin 80-ci illərindən öz dəst-xətti ilə seçilən, teatrsevərlərin gözəl aktyor, rejissor və teatr təşkilatçısı kimi tanıdığı Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev də bu sahədə yorulmaz fəaliyyəti ilə adını unudulmaz sənətkarlar sırasına yazdırıb.

Hüseynağa Ağahüseyn oğlu Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda dünyaya göz açıb. Kiçik yaşlarında anası vəfat edir. O, çox gənc ikən işləmək məcburiyyətində qalsa da, təhsilindən yayınmır, yaxşı mütaliə edir. 

Hüseynağa bir müddət Akademik Dram Teatrında işıqçı işləyir. Sonra hərbi xidmətdə olur. Hərbi xidmətdən tərxis olunduqdan sonra teatrdakı işinə qayıdır. Ancaq o, qəlbən bağlandığı teatr sahəsi üzrə ali təhsil almaq istəyirdi. Beləliklə, sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir. Dörd il SSRİ Xalq artisti, görkəmli aktyor və rejissor, professor Mehdi Məmmədovdan aktyor sənətinin sirlərini öyrənir.

Hüseynağa Atakişiyev 1975-ci ildə dostu, Moskva Teatr İnstitutunun məzunu, rejissor Vaqif Abbasovla birlikdə zəngin teatr ənənələri olmuş qədim Şəki şəhərində Dram Teatrının yenidən fəaliyyətə başlamasında (1959-cu ildə, respublikanın bir sıra şəhər və rayonlarında olduğu kimi, Şəkidə də Dövlət Dram Teatrı bağlanmışdı – red.) yaxından iştirak edir. H.Atakişiyev teatrda aktyor kimi işə başlayır. Bir il sonra o, teatrın yaradıcılıq işlərinə rəhbərlik edir. Az bir müddət sonra isə baş rejissor olur.

Şəki teatrında ilk olaraq M.F.Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) pyesinə quruluş verir. İlk rejissor işi uğurlu alınır. Çox keçmir H.Atakişiyev istedadlı rejissor kimi tanınır. Əməyi yüksək qiymətləndirilir, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. 1985-ci ildə ilk iş yerinə – Akademik Dram Teatrına dəvət olunur. Təbii ki, bu dəfə işıqçı yox, baş rejissor kimi məsuliyyətli işə götürülür. Bir müddət sənət həyatı rəvan gedir. Ancaq sonralar onun quruluş verdiyi tamaşalarda ortaya qoyduğu yeniliklər kollektivdə birmənalı qarşılanmır. Araşdırmalarda qeyd edilir ki, hətta bəzi həmkarları ona paxıllıq edir, qəsdən ona problemlər yaradır, uğurlarına şübhə ilə yanaşırlar. H.Atakişiyev 1989-cu ildə Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsindən uzaqlaşdırılır. 

Ruhdan düşməyən H.Atakişiyev həmin il Azərbaycan Dövlət Gənclər Teatrını yaradır və ömrünün sonuna kimi bu teatrın bədii rəhbəri və direktoru olur. O, burada ilk olaraq Yusif Səmədoğlunun “Qətl günü” əsərinə quruluş verir. 1995-ci ildə İstanbulda dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyur.

Bu illərdə aktyorluq fəaliyyətini də davam etdirən “Üzeyir ömrü” bədii televiziya filmində (ssenari müəllifi və rejissor Xalq yazıçısı Anar, 1981) Üzeyir Hacıbəyli obrazını yaradır. Xalq artisti, rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi “Ac həriflər”, “Fatehlərin divanı” televiziya filmlərində maraqlı rollar oynayır.

H.Atakişiyev 2006-cı ildə yazıçı-dramaturq Firuz Mustafanın “Qara qutu” pyesini tamaşaya qoymaq istəyir. Hazırlıq ərəfəsində əsərin birinci hissəsini tam qurur. Mizanları, musiqini həll edir. Amma ikinci hissəyə toxunmur. Deyir ki, ikinci hissəyə mart ayının 28-də başlayacaq. Həmin gün yanına qonaqlar gəlir. Aktyorlara deyir ki, gedin sabah gələrsiniz. İkinci hissəni sabah qurarıq. Amma ikinci hissəni qurmaq ona qismət olmur. İki saatdan sonra səhhətində problem yaranır və təcili xəstəxanaya yerləşdirilir...

Böyük ideallarla yaşayan tanınmış teatr xadiminin qəlbi 2006-cı ilin 9 aprelində, 56 yaşında dayanır.

Onu da qeyd edək ki, Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrı 2009-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib...

Savalan FƏRƏCOV