Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani ilə bağlı 2019-cu ildə keçirilmiş beynəlxalq konfransın materialları əsasında kitab hazırlanıb.  “Əcəmi” Nəşriyyat–Poliqrafiya Birliyi tərəfindən hazırlanan kitabda Nemətullah Naxçıvaninin elmi irsi, dövrü və mühiti, İslam mədəniyyətində yeri, fəlsəfi görüşləri, irfani düşüncələri, yaşadığı dövrdə elm və mədəniyyət, əsərləri haqqında ətraflı məlumat verilir.

Kitabda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Hacıfəxrəddin Səfərli, Hüseyn Həşimli, Əbülfəz Quliyev kimi tanınmış alimlərlə yanaşı, qardaş Türkiyənin alim və tədqiqatçılarından Yaşar Kurt, Hüseyin Yurttaş, Hayrettin İvgin və digərlərinin də məqalələri yer alıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il oktyabrın 29-da imzaladığı sərəncama əsasən, Nemətullah Naxçıvani irsinin öyrənilməsi üçün tədqiqat qrupu yaradılıb, haqqında kitab nəşr olunub, alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Nemətullah Naxçıvani elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri qiymətli miras kimi kitabxana və muzeylərdə saxlanılır.