Biblioqrafiyanın birinci kitabı çapdan çıxıb

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyasını hazırlayıb. Birinci kitabı işıq üzü görən biblioqrafiya professor Kərim Tahirovun elmi redaktorluğu ilə  kitabxananın əməkdaşları tərəfindən tərtib edilib.

Materialların kifayət qədər çoxluğu nəzərə alınaraq biblioqrafik göstəricinin iki kitabda nəşr edilməsi qərara alınıb. Birinci kitab Azərbaycan və digər dillərdə, ikinci kitab isə yalnız rus dilində ədəbiyyatı əhatə edir.

Azərbaycan dilində ədəbiyyatı əhatə edən kitabda mövzu üzrə 4 min 845 adda mənbə toplanıb. Burada müharibə zamanında və sonrakı illərdə dərc edilmiş kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş elmi, elmi-kütləvi, publisistik və sənədli ədəbiyyat müvafiq başlıqlar altında qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Rus dili istisna olmaqla, digər xarici dillərdə olan materiallar da nəşrə daxil edilib.

Biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

Kitabda “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində ‒ əsas hadisələrin xronologiyası”, “Görkəmli şəxsiyyətlərdən sitatlar” bölmələri də hazırlanıb oxuculara təqdim edilib.

Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə “Sovet İttifaqı Qəhrəmanlarının adlar göstəricisi”, “Böyük Vətən müharibəsi iştirakçılarının adlar göstəricisi” və “Müəlliflərin əlifba göstəricisi” başlıqlı köməkçi göstəricilər də verilib.