“Qəhrəmanlarımı gözümün qabağına gətirirəm, deyirəm, filanı xoşbəxt olacaq, filanı öləcək. Yazıram, sonra baxıb görürəm ki, “öldürmək” istədiyim qəhrəman əsərin sonunda sağ-salamatdır. Yazdığım fikirləşdiyim kimi alınmır”.

Tanınmış yazıçı-dramaturq Aslan Qəhrəmanlı bu fikirləri illər öncə qəzetimizə müsahibəsində söyləmişdi. Həqiqətən də, hər bir yaradıcı insan öz əsərlərində yaşayır. Aslan Qəhrəmanlı da oxucuların, tamaşaçıların könlünü oxşayan əsərləri ilə daim xatırlanan ədiblərdəndir.

O, 14 sentyabr 1939-cu ildə Ağstafa rayonunun Yenigün kəndində müəllim ailəsində dünyaya göz açmışdı. Atasının ədəbiyyat müəllimi olması onda erkən çağlardan bədii yaradıcılığa maraq oyadır. Yazıçı uşaqlıq və gənclik illərini belə xatırlayırdı: “Atam orta məktəbdə ədəbiyyat müəllimi idi. Gözləri bir az zəif görürdü. Mən 10-cu sinif şagirdlərinin inşa dəftərlərini yoxlamaqda ona kömək edərdim. Onun evimizdə tələbəlik illərindən topladığı bütün ədəbiyyatı oxumuşdum. O vaxt zaman başqa idi. Təsərrüfat işlərində –  qoyun otarmaqda, odun yarmaqda və bağ-bostan işlərində atama kömək edirdim. Bütün bunlarla yanaşı, dərslərimi də əla qiymətlərlə oxuyurdum”.

Ancaq orta məktəbi bitirən Aslan ədəbiyyatı deyil, dəqiq elmləri seçir. Valideynlərinin məsləhəti ilə 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunur. 1961-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Elmlər Akademiyasının Hesablama Mərkəzində əmək fəaliyyətinə başlayır. Mərkəzin bazası əsasında Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə çalışır, elmi tədqiqatlarını davam etdirir.

1972-ci ildə “Neftmaş” Xüsusi Konstruktor Bürosunda laboratoriya rəhbəri vəzifəsinə təyin edilir. 1975-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Tətbiqi riyaziyyat kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Bir müddətdən sonra Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işləyir, sonra yenə Azərbaycan Neft və Kimya İnstitutuna qayıdır. İqtisadiyyatda modelləşdirməyə, həmçinin vergilərə aid dərsliklər yazır. 

Aslan Qəhrəmanlı dəqiq elmlər sahəsində çalışsa da, ədəbiyyata dərin maraq göstərir. İmkan düşdükcə bədii yaradıcılıqla məşğul olur. 1967-ci ildə “Gənclik” nəşriyyatının “Gənc qələmlər” almanaxında “Dağların mahnısı” adlı ilk hekayəsi işıq üzü görür. Həmin vaxtdan müxtəlif dövri mətbuatda müntəzəm çıxış edir.

Ədəbiyyata qəlbən bağlı olan Aslan Qəhrəmanlı həmin dövrdə “Azərbaycan gəncləri” qəzetinin redaktoru Cəmil Əlibəylinin yaratdığı dərnəyə yazılır. Bu dərnəkdə tanınmış qələm sahiblərindən Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram və başqaları ədəbiyyat həvəskarlarına dəyərli məsləhətlər verər, onların yaradıcılıq ruhunu yüksəldərdilər.

Yazıçı sonralar pyes, fantastik hekayələr və nağıllar qələmə alır, oxucuların marağını cəlb etməyə nail olur. Araşdırmalarda qeyd edilir ki, müəllifin hekayələrində dialoq çox olduğundan onu səhnələşdirmək də asan olub. Aslan Qəhrəmanlının “Spektr”, “Döngə”, “Burulğan”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” və s. pyesləri televiziya ekranlarında vaxtaşırı nümayiş olunur. O, 1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilir. Azərbaycan Televiziyasının 1986-cı ildə “Müasirlərimiz” devizi ilə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində iştirak edir və “Ürək” pyesi ikinci mükafata layiq görülür. Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və s. nağıl-pyesləri Azərbaycan Radiosunun efirində səsləndirilib və dinləyicilərin rəğbətini qazanıb.

A.Qəhrəmanlıya əbədi ömür qazandıran əsər isə, sözsüz ki, 1981-ci ilin əvvəllərində Azərbaycan Televiziyasında ekrana çıxan və sözün əsl mənasında, tamaşaçıların könlünü oxşayan “Səni axtarıram” tamaşası oldu. Bir müddət sonra trilogiyanın “Bağışla” və “Səndən xəbərsiz” hissələri yarandı. Bu teletamaşalar da müəllifə böyük uğur gətirdi.

A.Qəhərmanlı 2003-cü ildən “Azərbaycanın vergi xəbərləri” jurnalının baş redaktoru olub. 2007-ci ildə Azərbaycan Universitetində Riyaziyyat və informatika kafedrasının dosenti işinə dəvət olunur. 2011-2012-ci illərdə isə bu təhsil ocağının rektoru işləyir.

Azərbaycan oxucusunun sevimli müəlliflərindən olan Aslan Qəhrəmanlı 20 yanvar 2014-cü ildə dünyasını dəyişib, doğulduğu kənddə dəfn olunub.

Savalan FƏRƏCOV