Naxçıvan Muxtar Respublikasının Bilik Fondunun dəstəyi ilə Əməkdar elm xadimi, mərhum Hüseyn Həşimlinin “Haqq divanı” və “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” adlı kitabları nəşr olunub.

“Haqq divanı” kitabında 1910-1930-cu illər ədəbi mühitinin unudulmuş nümayəndəsi, istedadlı yazıçı, publisist, mütərcim Ələkbər Qərib Naxçıvanlının bədii, publisistik və ədəbi-tənqidi əsərlərindən, tərcümələrindən, tərcümələri haqqında resenziyalardan seçmələr toplanıb. Həmin illərdə Ələkbər Qəribin nəşr etdirdiyi kitablardan, bəzi arxivlərdən, eləcə də Bakıda və Tiflisdə çıxmış qəzet və jurnallardan götürülmüş materialların əksəriyyəti ilk dəfə oxuculara təqdim olunur.

“Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” kitabında isə ədibin ömür yolu, bədii yaradıcılığı, ədəbi-tənqidi və publisistik irsi, tərcüməçilik və naşirlik fəaliyyəti araşdırılıb. Hər iki tədqiqat əsəri gənc alimlər və tədqiqatçılar üçün mühüm mənbə olmaqla yanaşı, yeni əsərlərin yaranmasına səbəb olacaq.

Qeyd edək ki, sağlığında Ələkbər Qərib Naxçıvanlı ilə bağlı mətbuatda onlarla məqaləsi çap olunan və onu elmi ictimaiyyətə təqdim edən Hüseyn Həşimlinin (1965-2020) arzusu ədib haqqında monoqrafiyasının və əsərlərinin işıq üzü görməsi idi.