Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərləri böyük həyəcan və intizarla izləyən Lənkəran Dövlət Dram Teatrının kollektivi əsgərlərimizin şücaətini, xalqımızın vətənpərvərlik qüdrətini vəsf etmək məqsədilə audioçarx formatında ədəbi-bədii və musiqili kompozisiya hazırlayıb. Audioçarx səsgücləndirici qurğular vasitəsilə teatrda və Lənkəran şəhərinin müxtəlif ərazilərində səsləndirilir.

Teatrın aktyorlarının ifasında audiolentə alınmış “İgid əsgər, möhkəm dayan!”, “Əziz, doğma Şuşamız”, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Müzəffər Ali Baş Komandan” və digər bu kimi başlıqlı şeirlər, mahnılar, musiqi nömrələri sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv musiqili ədəbi-bədii kompozisiyanı rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də nümayiş etdirmək niyyətindədir.