“Hərbi xidmətdə əsgər yoldaşlarım məni zarafatla “Mixaylo” deyə çağırırdılar”

Bəzən deyirlər insan peşəni deyil, peşə insanı seçir. Müsahibimiz – Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan giziri Elçin Nəsirov sənət və peşə seçimində yanılmayıb. Rəssam və hərbçi. İki çətin və şərəfli işin öhdəsindən gələn gənc söhbətimizlə də elə sənət və vətənpərvərlik mövzusunda danışdıq.

Onun rəssamlığa gəlişinin maraqlı tarixçəsi var. Respublika Olimpiya-idman liseyində oxuyub. Liseyi bitirəndən sonra sənədlərini Bədən Tərbiyəsi və İdman Akademiyasına deyil, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verir. Deyir ki, Olimpiya çempionumuz Fərid Mansurov, Rəsul Cunayev, Elnur Məmmədli ilə eyni məktəbdə təhsil almasına baxmayaraq, sənət idmana qalib gəlib. Valideynləri də idman sahəsində yetərincə tanınan adamlardır. Atası Elxan Nəsirov futbol üzrə Əməkdar məşqçi, anası isə idman müəllimi kimi çalışır.

Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan rəssama əsgər yoldaşları zarafatla “Mixaylo” deyə müraciət edirmişlər. Hərbi xidmət zamanı da rəssamlığı yetərincə qiymətləndirilir. Xidməti başa vurduqdan sonra isə mütəmadi olaraq sərgi və tədbirlərin iştirakçısı olur. 2012-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilir. Daha sonra bir müddət sənət aləminə yaxın olan bir sahə – tədbirlərin təşkili üzrə menecer kimi fəaliyyət göstərir. Bir gün isə onun arzusu reallaşır. Dövlət Sərhəd Xidmətində xidmət etməyə başlayır.

Rəssam kimi yaradıcılığını da davam etdirir. Son zamanlar xüsusilə karikatura janrında işləyir. Niyəsini özü izah edir:

– Karikaturaları son günlər işləməyə başladım. Daha doğrusu, sentyabrın 27-dən – Vətən torpaqlarını işğaldan azad etməyə başladığımız zamandan. Buna qədər çəkməmişdim. Bəzi tədbirlər üçün, sərgilər üçün az sayda işlərim olub. Amma bədnam qonşularımızın çirkin hərəkətləri məndə bu karikaturaları yaratmaq həvəsi oyatdı. Mən ixtisasca rəngkaram. Ən çox işlədiyim mövzular qədim Bakı və Azərbaycanın qədim məskənləridir. Bəzən bu məskənlərin rəsmlərini əldə etdiyim fotolara əsasən də çəkirəm. Məsələn, vətənpərvərlik etüdləri sərgisində Laçın və Zəngilan etüdlərini köhnə videokadr və fotolar əsasında ərsəyə gətirmişdim. İnşallah, artıq vaxtdır, zaman gəldi, gedib canlı etüdlər edəcəyik. Həyatın qəribə qanunları var. Mənim 5 yaşım olanda atam və əmilərim Birinci Qarabağ savaşında döyüşürdü, indi oğlumun 5 yaşı var, biz Vətən müharibəsində qalib ölkənin hərbçiləriyik. 30 ildən sonra biz qalib gəldik. Bu, gələcək nəsillərə qalibiyyət tariximiz olacaq.

 

– Hərbçi və rəssam, necə vaxt ayırırsınız?

– İndi də mənim beynim hərbi düşünür. Amma istər hərbi xidmətdə olduğum vaxt, istərsə də indi istirahət zamanı mən əsərlər üzərində çalışıram. Ezamiyyətdə olanda da vaxt tapan kimi onu rəsmə həsr edirəm. Eskizləri hazırlayıb daha sonra böyük tablolara köçürürəm. Sənət insanın fantaziyasına, dünyagörüşünə təsir edir. Onu da qeyd edim ki, mənim xanımım da ixtisasca rəssamdır və o da eyni zamanda hərb sahəsində çalışır.

 

– Ən çox sevdiyiniz rəng hansıdır?

– Göy və yaşıl. Bəzən deyirlər bu rənglər uyğun gəlmir. Amma həm gözəçarpan, həm də uğurlu rənglərdir.

 

– Azərbaycan rəssamlığında sizə yaxın olan müəlliflər kimlərdir?

– Baxmayaraq ki, mən Əmircanda doğulub boya-başa çatmışam və məktəbdən bizi həmişə Səttar Bəhlulzadənin Ev-Muzeyinə aparardılar. Əvvəl onun işlərini görüb sevmişəm. Daha sonra ilk müəllimim Əlimirzə Mirzəyev olub. Amma təcrübə topladığım və yaxın olub dərs aldığım sənətkarlar Xalq rəssamları Tahir Salahov və Sakit Məmmədov oldu.

 

– Sərgilərdə iştirak etmisiniz?

– Hələ fərdi sərgim təşkil olunmayıb. Amma beynəlxalq sərgilərdə rəsmlərim nümayiş olunub. “Almaniya rəssamların gözü ilə” sərgisində, Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində, Avstriya, Vyana, Macarıstan və digər ölkələrdə əsərlərim sərgilənib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Tullantıdan sənətə” layihəsinin mükafatçısıyam. Pandemiyadan sonra rəngkarlıq və karikaturaların birgə sərgisini təşkil etmək arzusundayam.

 

– Bir gənc kimi həmyaşıdlarınıza nə deyərdiniz?

– Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı o dərmir yumruğu bizim gənc nəsil heç zaman unutmasın. Unutmasınlar ki, bədnam qonşumuz 30 il torpağımızı işğalda saxlayıb. Bərdəyə, Gəncəyə atılan raketləri, bu gün törədilən vandallığı unutmasınlar heç zaman.

Sonda onu da qeyd edək ki, Elçin Nəsirov həm də rəssamlıqla bağlı bir sıra layihələrin müəllifidir. Müsahibimiz təvazökar olduğundan bu işlərin heç biri haqqında danışmaq istəmədi. Halbuki layihələrdə, əlamətdar günlərdə onun müəllifi olduğu işlərlə tez-tez qarşılaşırıq.

L.AZƏRİ