Pandemiya üzündən bağlı qalsa da...

Dünyanı sanki bir səyyar tamaşa meydanına çevirən pandemiya elə ən çox da teatrları təcridə məhkum etdi. Hətta tarixiliyi, əzəməti və repertuarı ilə gözqamaşdıran sənət ocaqları da aylardır davam edən bu şəraitdə çarəsizdir və onlayn nümayiş adı altında tamaşaçı ilə rabitəni qorumağa çalışırlar.

Bu sırada dünyanın ən məşhur 10 səhnəsi daha aktiv görünür. Bu onluqla tanış olaq.

 

La Skala

La Skala (Teatro alla Scala) opera teatrıdır. Əsası 1778-ci ildə İtaliyanın Milan şəhərində qoyulan teatrı sənət beşiyi hesab etmək olar. Sənət ocağı ümumən dünya opera evi kimi də xarakterizə olunur.  2800 nəfərlik tamaşaçı tutumu olan teatrda özünəməxsus davranış normaları mövcuddur. Məsələn, bu teatra yalnız tünd (qara) rəngli geyimdə daxil ola bilərsən. Hazırda opera və balet nümunələrinin nümayiş meydanı olan teatrda ilkin vaxtlarda ballar, ziyafətlər, hətta öküz döyüşləri də keçirilib.

 

“Grand Opera”

“Grand Opera” Fransanın ən məşhur teatrıdır. Zəngin tarixi yol keçən bu məkan rəsmi olaraq  “Milli Musiqi və Rəqs Akademiyası” adlandırılsa da, tamaşaçılar ona ilkin təqdimatı ilə xitab edirlər. XIV Lüdovikin imzası ilə 1669-cu ildə şair Perren və bəstəkar Kamber tərəfindən əsası qoyulan, adı bir neçə dəfə dəyişdirilən, repertuarı və üslubu  formalaşdırılan teatrın hazırda yerləşdiyi binanı memar Ş.Qarnye 1857-ci ildə inşa etmişdir. Tamaşaçı zalının tutumu 2130 nəfərdir.

 

Metropoliten Opera

Nyu-Yorkun “Metropoliten Opera”sı ABŞ-ın ən məşhur teatrlarındandır. Əsası 1883-cü ildə qoyulan, daha çox texnoloji avadanlıqları, ən ağlagəlməz üslublarda tamaşaların hazırlanması üçün vasitələri ilə öyünən teatrın səhnəsi  sizə nəhəng sirk meydanını, yaxud tam təchizatlı kinopavilyonu xatırladacaq. 3625 tamaşaçı tutumu olan “Metropoliten Opera” dövlət teatrı deyil, fərdi şəxslər tərəfindən və şirkətlərin ianə hesabına maliyyələşir.

 

Vyana Operası

Avstriyanın ən böyük teatr binası olan Vyana Operası 1869-cu ildən istifadəyə verilib. Xarici əzəməti ilə yanaşı daxili  gözəlliyi, genişliyi, dəbdəbəsi ilə insanı valeh edən bu teatr XIX əsr Avropa mədəni həyatının mərkəzi hesab olunurdu. Bütün dünyada məşhur “Opera balları”na bu gün də ənənəsinə sadiq qalan teatr hər il minlərlə sənətsevərin axınına məruz qalır. 

 

“Kovent-Garden”

İngiltərənin ən məşhur teatrlarından biri London “Kovent-Garden”dir. 1732-ci ildə əsası qoyulan teatrın səhnəsində çıxış etmək heç də hər aktyora nəsib olmur. Məhz dünya teatrları arasında ən nümunəvi heyətə və ən yüksək qonorar fonduna sahib olan ingilis səhnəsi əsər seçimində də hədsiz xəsis hesab olunur. Ətrafında qorxulu miflər də dolaşan bui teatrın  2250 nəfərlik tamaşaçı salonu var və onun seanslarına biletlər aylar, bəzən bir neçə il öncədən sifariş olunur.

 

Brodvey Teatrı

Qeyri-klassik teatrlardan olan Brodvey Teatrı bir ənənə mərkəzidir desək, yanılmarıq. Məsələn, onun sabit truppa və repertuarı yoxdur. “Brodvey”ə aktyorlar bir neçə mövsümlük dəvət olunur və tamaşalar da onlara uyğun seçilir. Yalnız gəlir gətirdiyi müddətdə repertuarda qalan tamaşalar daha çox qastrollarda nümayiş olunur.

 

Sidney Operası

Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən hesab olunan bu binada tamaşalarla bərabər müxtəlif şou-proqramlar da göstərilir. Teatr klassik opera və balet nümunələrindən daha çox çağdaş nümayişlərə, müzikl və performanslara üstünlük verir. 3000 nəfərlikn böyük və 1200 nəfərlik kiçik zalı fəaliyyət göstərir.

 

“Arena di Verona”

Eramızın I əsrində imperator Avqustun dövründə tikilmiş bina özündən sonrakılar üçün istinad yeri olan ovalşəkilli Roma amfiteatrıdır. Özünün yeni və ixtisaslaşmış teatr səhnəsi rolunu artıq 300 ildir davam etdirən bu məkanda 1913-cü ildən başlayaraq hər yay “Arena di Verona” opera festivalı da keçirilir. Onu fərqləndirən ən vacib məqam eyni anda  16 min tamaşaçını bir araya toplaya bilməsidir.

 

“Bolşoy Teatr”

Rusiyanın çoxsaylı və dəbdəbəli teatrlarından onluğa yalnız Moskvadakı “Bolşoy Teatr” (“Böyük Teatr”) daxil edilib. Əsası 1776-cı ildə qoyulan, dəfələrlə təmir-bərpa olunan və hazırkı binasında 1825-ci ildən fəaliyyətini davam etdirən teatr zalının tamaşaçı tutumu 2155 nəfərdir. 

 

“Kolon” Teatrı

Cənubi Amerikanın ən böyük teatrı Buenos-Ayres şəhərindəki (Argentina) “Kolon” Teatrı (Theatre Colon) hesab olunur. Əsası 1857-ci ildə qoyulan teatrın tamaşaçı tutumu 2478 nəfərdir. Hazırkı binası 1908-ci ildə tikilən bu teatrın repertuarı əsas etibarilə dünya klassikləri əsasında qurulur.

Hazırladı: HƏMİDƏ