Beynəlxalq Muğam Mərkəzi aşıq sənətimizi təbliğ edən yeni onlayn “Aşıq musiqimizin inciləri” adlı layihəyə start verib.

Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətinin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv, həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy – düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapıb.

Azərbaycan dövlətinin, xüsusilə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycanın aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan aşıq sənətinə belə bir dəyərin verilməsi beynəlxalq səviyyədə Azərbaycan mədəni irsinin təntənəsidir.

Beynəlxalq Muğam Mərkəzi də aşıq sənətini təbliğ edən layihələr həyata keçirir. Bu layihələr sırasında “Aşıq musiqisi axşamları” adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masaları qeyd etmək olar.