Yaxud üçüncü zəng

– Tələsin, indicə üçüncü  zəng çalınacaq, pərdə qalxacaq, mizana uyğun yerlərinizi alın.

Rejissorun verdiyi son təlimat aktyorları daha da həyəcanlandırdı. Nisbətən gənc olan aktyor tərəf-müqabillərinə pıçıldadı:

– Zal doludur, arxa sıralar, sağ-sol yaruslar, hələ gələnlər də var. Qorxuram səsim ora qədər çatmaya.

Yaşlı aktyor yoldaşı, vaxtilə bu səhnələrdə dəfələrlə obrazdan-obraza girmiş təcrübəli ifaçı ona toxtaqlıq verdi:

– Qorxma, buraların tamaşaçısı tələbkar olduğu qədər də teatrsevərdir, istedadlı adamı gözündən tanıyırlar. Səsdir də, hələ buralarda təzəsən, özünü balaca soyuğa vermisən. Güzəştə gedəcəklər, qəm yemə.

Bu an üçüncü zəng çalındı, pərdələr qalxdı və döyüşçü qiyafəsindəki aktyor səhnənin ortasına yürüdü. Bunu görən tamaşaçılar ona replikasını deməyə imkan vermədilər. Alqış sədaları teatr salonunun divarlarında cingildədi. Səhnənin sağ pərdəsini xəfifcə aralayıb salona boylanan gənc aktyor gülümsədi. Artıq həyəcanı da yox idi...

Qarabağa qayıdış səhnəmizi, illərdi yuvasından pərən düşmüş insanların yurda dönüşünü belə səhnələşdirmək istədim. Qəhrəmanlarımı – Şuşa Dövlət Musiqili Dram, eləcə də Füzuli və Ağdam Dövlət Dram teatrları aktyorlarının Qarabağla, doğma el-oba, teatr səhnələri ilə bağlı xatirə-xəyallarını belə mizana saldım. Bilmirəm, rejissorları qane edəcək, yoxsa yox, amma hər aktyor özlüyündə bir teatrdırsa, qoy bu dəfə belə olsun: birhissəli, üçpərdəli pyessayağı xatirə-xəyal səhnəsi...

 

Remarka

 

Cəbhədən ağrılı xəbərlər gəlir. Hər kəs təşviş içindədir. Əhalinin ruh yüksəkliyini təmin etmək üçün teatrların da üzərinə böyük iş düşür və aktyorlar bunu yaxşı anlayırlar. Ona görə də gah top-tüfəng altında ön cəbhəyə, əsgərlərin yanına tələsir, gah da yarıqaranlıq səhnələrindən günün ağırlığını əzmlərinə qataraq səhnəyə daşıyırlar. Amma ümidlərini də üzmürlər. Belə günlərin birində onlar da Şuşanı, Ağdamı, Füzulini itirdilər, didərginlər karvanına qoşuldular...

İllərdir minlərlə qarabağlılar kimi teatrların təmsilçiləri də günləri sayır, quş olub oralara uçmaq istəyirlər. Kimisi yeni əsərin planını qurur, kimisi ilk səhnə çıxışının həyəcanını xəyal edir, kimisi də təzim üçün səhnəyə çıxacağı anda qopacaq alqışların xoş sədasında xumarlanır.

 

Birinci pərdə

 

Hadisələr Şuşada, teatrın yerləşdiyi şəhər Mədəniyyət evində cərəyan edir. Paralel olaraq iki tamaşanın məşqləri gedir. Biri dramatik, digəri də musiqili. Məşqlərdə tez-tez fasilə yaranır. Çünki  narahat sakinlər mərkəzə, mədəniyyət evinin qarşısına toplaşır, aktyorlar da onlara qoşulub bu ağır günləri adlamağa çalışırlar (Bir anlıq o günlərə qayıdaq. Ağır olacaq, bilirəm. Amma hər qaranlıq gecənin bir aydın səhəri olduğu kimi bizim də nura boyanmış sabahımız, səhnəmiz var artıq).

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, direktor müavini, Əməkdar artist Azad Məmmədov: “Mövzu çox kövrəkdir. Məni uzaq  və ağrılı xatirələrə apardı. 28 illik həsrətin vüsalı gözəl olacaq, bilirəm. Biz hələ Bakıda təzə məskunlaşanda mən “Şuşa teatrı Bakıya qastrola gəlib” deyib özümə, elə tamaşaçılarımıza da sanki təsəlli verirdim. Amma indi tam əksini deyirəm və bunun səadətində gündə neçə dəfə xəyalən Şuşaya gedirəm. Əziz  tamaşaçılar, Şuşa teatrının “qastrolu” artıq başa çatıb. Bundan sonra Bakıya yalnız qısamüddətli qastrollara gələcəyik. Bu sözləri deyirəm və yaşadığım hissləri ifadə edə bilmirəm.

Qəribədir, bu hissi təkcə şuşalılar yox, elə hamı yaşayır. Sanki hamı Şuşadandır. Xəyalən o illərə qayıdanda bir sızıltı keçir qəlbimdən. Yadımdadır, 1990-cı ilin may ayı idi, teatrın fəaliyyəti bərpa olunmuşdu.  Bizə məşq üçün müddət verildi və iki tamaşa hazırladıq. Bunlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyası idi. Sonralar Gənc Tamaşaçılar Teatrında o tamaşaları oynadıq. Amma incimizdəki yanğı, nisgil bizi rahat buraxmadı.

Biz hər iki tamaşanı Şuşada olarkən tam hazırlamışdıq. Sadəcə hər gün baş verən ağır hadisələr, Mədəniyyət evi önünə gətirilən cənazələr, ah-nalə edən insanların  fonunda tamaşa göstərə bilməzdik. Bütün hazırlığımız, hətta qurulan səhnəmiz, orkestr, xoreoqrafiya və oxunuş – hamısı Şuşanın işğalı ilə məhv oldu. Teatrın uzun fasilədən sonra bərpa etməsinin sevincini yaşaya bilmədik. Ondan sonra da 28 il Şuşa həsrəti, orada səhnəyə çıxmaq xəyalı ilə ruhumuzu daim qələbəyə, qayıdışa köklədik. Ali Baş Komandanımıza, ordumuza, xalqımıza təşəkkür edirəm. Bizi Şuşaya qaytaran yollara can fəda deyirəm”.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov: “Bu günü illərdir gözləyirdik. Elə bilirəm ki, bizim qayıdışımızla repertuarımız da dəyişəcək və Vətənə sevgi ruhunu tamaşalarımıza daha çox qatacağıq. Şuşada vətənpərvərlik ruhlu tamaşalarla yanaşı, arzuladığımız musiqili komediyalara da üstünlük verəcək, qalib ədasıyla səhnədə cövlan edəcəyik.

Biz illərdir vətənpərvərlik ruhunda təbliğat xarakterli tamaşalar oynayıb, uşaqlarımıza, yetişən nəsillərə bu ideyanı aşılamağa çalışdıq. Həmin uşaqlar böyüyüb cəngavərə çevrildilər, Şuşada bayrağımızı sancdılar. Şükürlər olsun ki, xalqımızda qələbə inamı, ruhu öləzimədi. Vətən oğullarının, dövlətimizin, xalqımızın əzmi, səngər-arxa cəbhə səddinin olmamağı bizi bu qalibiyyətə apardı. Təbii ki, Şuşaya da bu ruhla qayıdacaq və açılışını edə bilməyən, pərdələri bağlı qalan, rekvizitləri parça-parça olan Şuşa teatrında Üzeyir bəyin operettalarını oynayıb, böyük bəstəkarımızın ruhunu şad edəcəyik”.

Teatrın aktyor truppası üzvləri, o şəhərdə doğulan və doğulmayan aktyorları da indi Şuşaya can atır, özlərini orada təsəvvür edirlər.

 

İkinci pərdə

 

Ikinci pərdənin iştirakçıları ermənilərin ruhlar şəhərinə çevirdiyi, daşını daş üstə qoymadığı Ağdamın vüsalına qovuşanlardır. Onlar aktyor improvizələri ilə təəssüratlarını bölüşür, təsvirçi monoloqlarını qururlar.

Ağdam Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Aidə Ələkbərova: “1968-ci ildən bu teatrda işə başlamışam. İlk rolum B.Vahabzadənin “Vicdan” əsərində Mirəstə olub. Onda gənc qız idim, 17 yaşım vardı. Arzularım, xəyallarım, səhnə ilə bağlı planlarım o qədər gözəl idi ki. Müharibə, işğal hamısını məhv etdi, ruhumuzu, cismimizi didərgin qoydu.  İndi artıq yaşlanmışam və dağıdılan şəhərimə qovuşmuşam. Sevincliyəm, xoşbəxtəm, lap zorla qoparıldığı ana qucağına qayıdan bala kimi. İnşallah, ən qısa zamanda Ağdamımız yenidən öz əzəmətinə qayıdacaq, oradakı teatrdan, mədəniyyət ocaqlarından yenə səs-sədamız gələcək. Bax, o zaman mən 17 yaşıma yenidən qayıdacam, saçım ağarıb, üz-gözüm o qızı andırmasa da, mən ürəyimdə yenidən o yaşda olacam...”

Ağdam Dövlət Dram Teatrının aparıcı aktrisası Afərdə Sabirqızı: “Bu teatrı körpəlikdən tanıyıram. Çünki anam  bu teatrda çalışırdı. İlk addımlarımı orada atdım. Uşaq rollarını aparırdım. İndi də o səhnə üçün darıxıram, can atıram. Mistik izahı var bəlkə də, köçkünlükdən öncə o teatrın səhnəsində hazırlanan “Yanmış evin nağılı” faciəsini məşq edirdik.  9 yaşım vardı. Nigar obrazını canlandırırdım. Təəssüf ki, düşmənlərimiz imkan vermədi və uşaq yaddaşım da orada, o obrazda qaldı. Teatrımızın möhtəşəm binası vardı. Vəhşi düşmən bütün Ağdam kimi o əzəmətli binanı da darmadağın etdi. İndi biz Quzanlı qəsəbəsində yerləşib, fəaliyyətimizi burada davam etdiririk.

Ağdama, ilk səhnəmizə tələsirəm. Əminəm ki, teatrımız üçün əvvəlkindən də gözəl, möhtəşəm bina tikiləcək və 9 yaşımda ürəyimdə qalan nisgili vüsalla əvəz edəcəm. Səhnədə görüşənədək, uşaqlığım”.

Ağdam Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Fəqumə Yusifova: “1970-ci ildən fasiləsiz olaraq bu teatrda çalışıram. Gözəl teatr binamız, peşəkar truppamız, seçkin repertuarımız vardı. Geniş, işıqlı səhnəmizdə gözəl əsərlər oynamışdıq. Qaynar həyat vardı. Səhər məşqlər, axşam tamaşalar. Bu gözəl təəssüratları danışmaqla bitməz. Sonuncu rolum N.Vəzirovun “Ağa Kərim xan Ərdəbili” əsərində Bədircahan oldu. Sonra mənfur qonşularımızın hücumları artdı. Ancaq biz dayanmır, zirzəmilərdə məşqlər edirdik. Demək olar ki, ən son bizim teatr tərk etdi rayonu. Sonra biz Bərdədə yolumuza davam etməyə çalışdıq. Tamaşalar hazırladıq. Gözəl kollektivimiz var və biz 28 ilin Ağdam həsrətini vüsalla bitiririk. Öz evimizə qayıdırıq və mən bunun da xəyalın qurub həyəcanlanıram. Teatrımızın binasının olduğu yerdə dayanıb deyəcəm: Gəldim, mənim səcdəgahım, dözdüm, ölmədim, bu günü görmək üçün hər gün özümə təsəlli verdim. Düzdü, artıq gənc qız deyiləm, çılğın səhnələrdə pərvazlanmayacam, bu dəfə şəhid anası, qazi anası obrazında olacam, hər tamaşadan sonra onlara təzim edəcəm. Axı, bizi Vətən torpağına qovuşduran oğulları o analar dünyaya gətiriblər”.

Ağdam Dövlət Dram Teatrının aktyoru və rejissoru Kərim Həsənli: “Sənət aləmində xəyallarımın gerçəkləşdiyi ünvandır Ağdam teatrı. 1990-cı ildə o səhnədə fəaliyyətə başladım. Möhtəşəm teatr ab-havası, istedadlı aktyor ansamblı, yaxşı tamaşaçıları vardı. Ağdamın gözəl vaxtları idi. İki növbəli tamaşa oynayırdıq. 21 yaşlı həvəsli gənc olaraq gah səhnədə, gah da səyyar tamaşalarda çıxışlar edirdim. Planlarımız, hədəflərimiz böyük idi. Sonra... Sonranı hamınız bilirsiz, indi artıq yaş da öz işini görüb. Amma mənim Ağdamda, əvvəlki səhnədə çıxış edəcəyimlə bağlı 28 illik xəyallarımı, inamımı azaltmayıb. Ən qısa zamanda biz yenidən ora qayıdacağıq, əvvəlki həvəslə. Orada başladığımız işi elə orada da davam etdirəcəyik”.

 

Üçüncü pərdə

 

Horadiz qəsəbəsində yerləşən Füzuli Dövlət Dram Teatrının kollektivi rayonun işğaldan azad olunması xəbərini coşğu ilə qarşılayır. Hamı bir-birini təbrik edir. Kimisi illər öncəyə qayıdıb son rolundakı replikalarını təkrarlayır, kimisi tərəf-müqabilini yada salır. Qələbə əsərləri ilə bağlı planlar da öz yerində. Rejissorlar artıq potensial baş qəhrəmanlarını gözaltı edirlər. Bu qızğın müzakirələr içərisindən bir nəfər önə çıxır.

Teatrın direktoru, Əməkdar mədəniyyət  işçisi Vaqif Vəliyevdir. Ənənəsinə sadiq qalaraq kollektivi bir araya gətirib yenə Füzulini kənd-kənd dolaşıb, Qarabağı səngər-səngər gəzəcəyini, əsgərlər qarşısında gözəl tamaşalarla çıxışlar edib, onlara minnətdarlıqlarını belə ifadə etməyə çalışacaqlarını deyir. Sonra duruxur, Füzuliyə son səfərini xatırlayır: “Bu yaxınlarda xarici jurnalistlərlə birgə Füzuli şəhərinə gedən rayon sakinlərindən biri də mən oldum. Hisslərimi izah edə bilmirəm. Dağıdılan, divan tutulan şəhərdə teatrımızın yerləşdiyi binanın qalıqları önündə xeyli dayandım. Yaddaşımdan nələr gəlib keçdi, bir Allah bilir. Gözlərim doldu, dizlərim əsdi, bağrım qan oldu. Asan deyil, 1989-cu ildən o teatra rəhbərlik edirdim. İllərim o binada, o məkanda keçmişdi. İndi qarşımda daş yığını dayanmışdı. O da mənim kimi kədər ilə sevincin arasında qalmışdı, sanki... Təbii, arzumdur ki, o binamızın qalıqları üzəridə qurulacaq yeni ünvanımıza, xatirələrimizin bizi gözlədiyi, çəkib apardığı o yerə gedib fəaliyyətimizi davam etdirək”.

 

Son

 

Bu dəfə son yeni başlanğıcdır – zəfər səhnəsinin üçüncü zəngi. Odur ki, “Əziz tamaşaçılar, az sonra “Qarabağ Azərbaycandır!” tamaşasının ikinci hissəsinə başlayırıq. Xahiş edirik, tamaşa salonundakı yerlərinizə keçin” elanını gözləyin.

Həmidə NİZAMİQIZI