Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi dövründən tamaşaçıları ilə ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir. Yaradıcılıq prosesinin dayanmaması üçün rejissorlar məşqləri onlayn şəkildə aparır. Mövcud vəziyyətdə yaradıcı heyət daha çox kamera əsərlərinə, monotamaşalara üstünlük verir. 

Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov gənc yazar Ülviyyə Heydərovanın “Uşaqlıq” əsəri əsasında eyniadlı monotamaşa hazırlayıb. Tamaşada teatrın istedadlı aktrisası İlahə Səfərova çıxış edir.

Monotamaşa sirk artisti olan və sənətini dəlicə sevən qadının bətnindəki körpəsi ilə xəyali söhbəti üzərində  qurulub. Gərgin psixoloji məqamların fonunda gənc qadının çırpıntıları, kritik seçim qarşısında qalması İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə maraq doğurur.  

13 dekabr saat 18-də səhnə əsərinin onlayn premyerası keçiriləcək. Tamaşa Sumqayıt Dövlət Dram Teatrının “Facebook” səhifəsi və “YouTube” kanalından təqdim olunacaq.