Geniş tamaşaçı auditoriyası onu da daha çox televiziya proqramlarından, ən çox da aparıcısı olduğu verilişlərdən tanıdı. Bu, bir aktrisa kimi onun potensialına haqsızlıq deyildimi? Təəssüf ki, elədir. Çünki illərdir teatrın, filmlərin, dublyajın, animasiya nümunələrinin ön səhnəsindən uzaqlaşmasına, bir növ teleproqramların fonunda qalmasına səbəb oldu.

Əslində, burada nə onu, nə rejissorları, nə də tamaşaçını qınaya bilirsən. “Keçid dövrü” dediyimiz tuneldən ötməyə çalışan sənət adamlarının əksəriyyəti bu taleni yaşadı. Amma müəyyən məqamlarda fərqli səbəblər və onların nəticələri qarşını kəsir və səni çoxsaylı sualların tək cavabı ilə üz-üzə qoyur: Zərurət...

Xatirə yazısını bu girişlə başlamağım təsadüfi deyil. Çünki tamaşaçı kimi onun haqqında da danışıb-düşünərkən bu detal mütləq zühur edir. Bütün hallarda geniş auditoriya bu şux zarafatlı, lakin qəm çökmüş qaraca gözlü qadını yaxşı tanıyırdı, çox sevirdi. Peşəkarlığına da heyran idi. Özü də bu nə böyük aktyor ailəsindən çıxması, nə də istedadın genə bağlı olması kimi düşüncənin məhsulu idi. Sadəcə, ona, özünə, səhnəni bir anda dəyişmək bacarığına təyin olunan qiymət idi.

Xalq artisti Gülşən Qurbanova tamaşaçıya səmimiyyəti ustalıqla ötürən aktrisalardan idi. Söhbət ölçüsüz, plan-proqramsız, mizansız sadə, təbii və birbaşa ünsiyyətdəki səmimiyyətdən gedir...

Anadan olmasının 70 ili tamam olan aktrisanı yenidən xatırlamaq istədik. Çalışdıq ona çox sevdiyi səhnənin bütün planlarında baxaq. Həm də oynamadığı yubiley, daha doğrusu, xəyali benefis tamaşa ilə...

 

Ön plan

 

Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda anadan olub. Aktrisalığa marağı, təbii ki, ailədə yaranmışdı. Atası – görkəmli aktyor Ağadadaş Qurbanovun Azərbaycanın teatr və kino sənətində müstəsna xidmətləri, sənət dünyasının gözəllikləri Gülşəni də erkən yaşlarından cəlb etmişdi. Uşaqlıqdan atasının oynadığı tamaşalara baxmış, ürəyindən səhnəyə çıxmaq, alqışları eşitmək arzusu keçmişdi. Elə ən çox özü səhnə, sənət üçün doğulduğunu anlamışdı.

Əvvəlcə Mədəni-Maarif Texnikumunda təhsil alsa da, səhnə sevgisi Gülşəni rahat buraxmır və onu 1974-cü ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə gətirir. Ona qədər televiziyada rejissor assistenti kimi də fəaliyyətini davam etdirən G.Qurbanova bədii dilini zənginləşdirir, səhnə, efir vərdişini formalaşdırır. Ali məktəbi bitirdikdən sonra da atasının çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır.

Bu teatrın səhnəsində rəngarəng obrazlar yaradır. “Mənim nəğməkar bibim”də Mərcan, “Şirinbala bal yığır”da Eyzəngül, “Ana laylası”nda Çiçək, “Tamahkar”da Nabat, “Fudzi dağında qonaqlıq”da Almagül, “Zəncirlənmiş Prometey”də Nera, “Pul dəlisi”ndə Gülnaz, “Bala bəla sözündəndir” tamaşasında Ana və s. rolları ilə tamaşaçıların sevgisini qazanır. Beləcə, ömrünün 32 ilini səhnəyə həsr edir. Bu sevginin də səbəbi sadə idi: o, oynadığı rolları hər cür sünilikdən uzaq tutmağa, obrazlarını təbii və inandırıcı etməyə çalışırdı.

Aktrisa hər dəfə səhnəyə sanki ilk rolunu oynayırmış kimi həvəs və sevgi ilə çıxır, hər yeni obrazını həyəcanla ifa edirdi. “Tamaşaçı sevgisi aktyor üçün böyük stimuldur. Bu, bizə güc verir, yaşamağa, işləməyə qanadlandırır” fikrini tez-tez xatırladan aktrisa izləyici ilə birbaşa ünsiyyətə can atırdı. Ona görə də istər teatr, istərsə də televiziya tamaşalarında biz hər dəfə yeni, fərqli və bir az da tələskən, tamaşaçını bütün planlarda ona baxmağa çağıran emosional oyun görürdük.

Azərbaycan teatr sənətinin inkişafında xidmətləri ona 1989-cu ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarını da qazandırmışdı.

 

Arxa plan

 

Aktrisa televiziya tamaşalarında, kinoda da istedadını nümayiş etdirərək, müxtəlif səpkili obrazlar yaradıb. G.Qurbanovanın filmoqrafiyasında 20-dən artıq ekran əsəri yer alıb. Təbii ki, bu filmlərin bir çoxunda o, epizodik rolları ifa edib. Amma hər dəfə kino barədə danışarkən hər bir rolunu bütün detalları ilə xırdalamaq, sanki özünün və tamaşaçısının yaddaşını təzələmək istəyib. Bu mənada “Ordan-burdan”, “Evləri köndələn yar” kimi məşhur televiziya tamaşalarındakı rolları özünəməxsus koloriti və vizual effektivliyi ilə seçilirdi. 

Gülşən xanım dublyajda, fərqli kino nümunələrinin səsləndirilməsində də fəal iştirak edib. Bu mənada animasiya filmlərini xüsusi vurğulamaq lazımdır. Balaca tamaşaçılar onun şaqraq səsində neçə-neçə personajın pərəstişkarına çevriliblər.

Ümumən aktyorlar, işinin peşəkarları olan səhnə adamları bir qayda olaraq tamaşaya iki saat hazırlaşırlar – o atmosferə girirlər, özlərini kökləyirlər. Aktyor dostları deyir ki, Gülşən xanım hər dəqiqə çıxıb oynaya bilərdi. Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf-müqabillərini inanılmaz həssaslıqla duyurdu. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı. Dramatik rolu da asan oynayardı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib gülürdü və ya əskinə.  O, orijinal ifaları ilə tamaşaçını, yaratdığı personajın təbiiliyinə, həyatiliyinə inandırırdı. “Müxtəlif xarakteri olan bu obrazlarda tək bir oxşarlıq vardı ki, bu da aktrisanın daxilindən gələn, personajın da məninə hopan çılğınlığı idi”. Bu da bir sənətşünasın düşüncələridir.

Onun sənət dünyası həddən artıq səmimiliyi, improvizələri, bir sözlə, yaradıcılıq tapıntıları ilə zəngin idi. Oynadığı televiziya tamaşalarına baxdıqda hər hansı bir kadrın tamaşaçını yorduğunu görmürük.

 

Final monoloqu

 

Televiziya kanallarındakı müxtəlif proqramlar onu daha da tanıtdı, sevdirdi. Teatrdan ayrıldıqdan sonra özünün səhnə, sənət ehtiyacını televiziya ekranı, tamaşaçısız pavilyonların kameraları qarşısındakı çılğın ifaları ilə ödəmək, bəzəmək istəyirdi. Uzun müddət Azərbaycan Televiziyasında yayımlanan “Gəlin, birlikdə gülək” adlı layihədə iştirak edərək proqramın ulduz siması kimi 90-cı illər tamaşaçısının üzünü güldürməyə çalışdı. Özəl kanallarda yayımlanan “Qaynar qazan”, “Mikser” kimi mətbəx proqramlarında da aparıcılıq edib, o dövr yenicə formalaşmağa başlayan canlı yayımda məişət proqramı ənənəsini də formalaşdırdı, desək yanılmarıq.

“Gülüş mənim müdafiə reaksiyamdır” fikrini yaşam şüarı edən nikbin, həyatsevər Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, 56 yaşında bu dünyaya vida etdi. Aktrisadan Azərbaycan teatr və kino sənəti üçün yaratdığı özünəməxsus, maraqlı obrazlar, bir də solmayan, onu tamamilə fərqli qılan gülüşü yadigar qaldı.

Həmidə NİZAMİQIZI