“Biz bunu qardaşlıq rəmzi və beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik”
Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib. Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər.
Prezident İlham Əliyev bu sözləri dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki vəziyyəti əks etdirən şəkillər və videomateriallar uzun illər ərzində bizim hansı bəla ilə üz-üzə olduğumuzu bir daha göstərir: “Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanları səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır”.
İki ölkə arasında əməkdaşlıqdan danışan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir: “Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir”.
1990-cı illərin əvvəlində Azərbaycanın da oxşar vəziyyətlə üzləşdiyini xatırladan dövlət başçısı qeyd edib ki, Əfqanıstan hökumətinin səyləri artıq bəhrəsini verir. Azərbaycan dost ölkənin modernləşdirmə proqramında iştirak etməkdən hər zaman məmnunluq duyur: “Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş var. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanıstandan beynəlxalq bazarlara müəyyən yüklər nəql edilir. Biz məmnuniyyətlə öz nəqliyyat imkanlarımızı təqdim edirik. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır”.
İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mübarizəsini dəstəklədiyinə görə Əfqanıstan dövlətinə təşəkkürünü bildirərək deyib: “Biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır”.
Prezident vurğulayıb ki, ölkələrimiz arasında münasibətlərin inkişafı bu istiqamətdə hər iki tərəfin güclü niyyətini nümayiş etdirir. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə Azərbaycanda, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşdüyünü deyən İlham Əliyev bildirib ki, hazırda siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür: “Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, “ASAN Xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir”.