Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub. Prezident Vladimir Putin bu barədə dekabrın 17-də keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.
Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın əsas nəticə etibarilə Dağlıq Qarabağda daha çox qan tökülməsinin qarşısını aldığını vurğulayan Putin deyib ki, digər məsələlər ikincidərəcəlidir: “İnsanların həyatının qorunması ən başlıca məsələ idi ki, biz bunu həll etdik”.
Vladimir Putin vurğulayıb ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Putin Qarabağda atəşkəsin pozulmasına da münasibət bildirib. Atəşkəsin bir dəfə pozulduğunu deyən Putin bundan sonra belə halın baş verməyəcəyinə ümidvar olduğunu vurğulayıb.
O, digər ölkələrin və beynəlxalq təşkilatların sözdən işə keçəcəyinə və Qarabağ məsələsinə kömək etməyə başlayacağına ümid etdiyini bildirib.
Qarabağ məsələsində Türkiyənin mövqeyi barədə danışan Rusiya Prezidenti vurğulayıb ki, bu mövqe Türkiyənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır.