İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO üzv ölkələrdə elm və innovasiyalı texnologiyalar üzrə elmi tədqiqatlar aparan 300 alim üçün təqaüd təsis edib.
Bu barədə təşkilatın keçirdiyi ikigünlük seminarda İCESCO-nun Baş katibi Salim əl-Malik məlumat verib.
İslam dünyasında elmi tədqiqatlar və innovasiyalar üzrə yeni strategiyanın həyata keçiriləcəyini qeyd edən baş katib bildirib ki, əsas məqsəd təşkilata üzv olan ölkələrin universitetlərində alimlərin fəaliyyətinin daha səmərəli olmasını təmin etməkdir. O əlavə edib ki, yaxın gələcəkdə daha aktual olacaq rəqəmsal texnologiya və süni intellekt sahələrində yeni tədqiqatlar daha böyük maliyyə dəstəyi tələb edir.
Eyni zamanda həmin universitetlərin alimlərinin Qərb ölkələrinin aparıcı elmi tədqiqat institutları ilə əməkdaşlığı da təmin ediləcək. Bu məsələdə ekoloji cəhətdən müasir qlobal tələblərə cavab verəcək “yaşıl texnologiyalar” üzrə tədqiqatlara da xüsusi diqqət yetiriləcək, İslam ölkələrində inkubator şəbəkələri və texnoparkların yaradılması həyata keçiriləcək.
Təqaüdlə yanaşı, İCESCO elm və texnologiya sahələrində ən yaxşı elmi tədqiqatlar üçün xüsusi mükafat da təsis edib.