Çində keçirilən xeyriyyə yarmarkasında ölkəmiz də təmsil olunur
Pekində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında Azərbaycan da təmsil olunur. Təşkilatçılar COVİD-19 pandemiyasının yaratdığı vəziyyəti nəzərə alaraq, bu il tədbiri insanların kütləvi şəkildə iştirak etdiyi xeyriyyə bazarı kimi deyil, iştirakçı ölkələrin məhsullarının elektron ticarət platformalarında satışının həyata keçirilməsi yolu ilə reallaşdırmağa qərar veriblər. Satışlardan əldə olunan vəsait xeyriyyə fonduna köçürüləcək.
Çinin xarici işlər naziri Vanq (Wang) Yi 2009-cu ildən etibarən keçirilən beynəlxalq xeyriyyə yarmarkasının əsas məqsədinin ölkənin yoxsulluqla mübarizəsinə töhfə vermək olduğunu qeyd edib. O, hər il bu yarmarkada iştirak edən ölkələrin sayının və satılan məhsulların çeşidinin artdığını bildirib, bu platformanın həm də ölkələrin mədəniyyətlərini və məhsullarını Çində tanıtmaq üçün bir imkan yaratdığını deyib.
Qeyd edək ki, Çin xarici işlər nazirinin xanımı Qian Veyin (Wei) təşəbbüsü ilə “Sevgi sərhəd tanımır – xəyalların uçmasına imkan yarat” deviz ilə təşkil olunan xeyriyyə yarmarkasının dekabrın 12-də keçirilən açılış mərasiminə keçənilki yarmarkada ən fəal iştirak etmiş 20 ölkənin səfiri qatılıb.
2019-cu ildə təşkil edilmiş yarmarkada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan stendinin ən yüksək səviyyədə tərtibatına, mədəni proqramın təşkilinə və xeyriyyə fonduna böyük miqdarda vəsait köçürməsinə görə (Heydər Əliyev Fondu tərəfindən Çinin Yunnan vilayətinin Malipo qəsəbəsində 2 saylı məktəbin idman meydançasının əsaslı təmiri üçün 500 min yuan məbləğində ianə də daxil olmaqla) Azərbaycan xüsusi “Charitable Contribution Award” mükafatı ilə təltif edilib.
Açılış mərasimində nümayiş etdirilən xüsusi videoçarxda ötənilki Azərbaycan stendi, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıdan ezam olunmuş musiqi qrupunun ifaları ilə bağlı kadrlar da yer alıb. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qaytağı” milli rəqsinin videosu mərasimdə təqdim edilib.
Sonra builki xeyriyyə yarmarkasına ölkələr tərəfindən təqdim edilmiş məhsulların “Tmall” və “Taobao” elektron ticarət platformalarında satışına start verilib. Qeyd edək ki, Çindəki səfirliyimiz Azərbaycanın “Meysəri”, “Qarabağ” və “Hasıllı” şərabları, nar şirələri və digər məhsullardan onlayn satış platformalarında satılmaq üçün təşkilatçılara təqdim edib. Dekabrın 16-da həmin platformalarda bir neçə ölkənin seçilmiş məhsulunun, o cümlədən Azərbaycanın “Qarabağ” şərabının videotəqdimatı olub.
Bir həftə boyunca Çinin məşhur elektron ticarət platformalarında Azərbaycan məhsullarının reklamı və satışı həyata keçiriləcək, əldə edilən gəlir xeyriyyə fonduna ianə ediləcək. Vəsaitin Çinin Yunnan vilayətinin Cinpin və Malipo qəsəbələrində valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyacları üçün sərf edilməsi nəzərdə tutulub.