Postpandemiya dövrü üçün turizm imkanları müzakirə edilir

Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri arasında “Turizm və davamlı inkişaf məqsədləri” mövzusunda onlayn görüş keçirilib. İki ölkə arasında postpandemiya dövründə gəlmə və getmə turizminin inkişaf etdirilməsi, investisiya yatırımlarının artırılması kimi məsələlər müzakirə edilib.

Pakistan turizm sənayesinin nümayəndələrinə işğaldan azad olunan Qarabağ bölgəsinin turizm imkanları və yaradılacaq yeni turizm marşrutları haqqında məlumat verilib.

Azərbaycanın turizm destinasiyası kimi cəlbedici ölkə olduğunu bildirən Pakistanın turizm şirkətləri təmsilçiləri bu istiqamətdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını deyiblər.

Turizm baxımından İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsi də müzakirə olunub. Azərbaycan Turizm Bürosu 2021-ci ilin martında Pakistanda keçiriləcək “Beynəlxalq İpək Yolu Konfransı”na dəvət olunub.

***

Azərbaycan Turizm Bürosu tərəfindən COVİD-19 pandemiyasından sonra turizmin təşviqi məqsədilə təbliğat videoçarxı hazırlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, videoçarx auditoriyaya postpandemiya dövründə Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırır. Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.