İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri prioritet istiqamətlərdən biridir
2021-ci il dövlət və icmal büdcənin (icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin maliyyə sənədi) layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, 2021-ci ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və ya 6,6% çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8% çoxdur.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4% çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır. Bu, 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və ya 3,8% çoxdur.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat, əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 198,8 milyon manat vəsait yönəldiləcək.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3% çoxdur.
2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün ayrılan vəsait də məlum olub. Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, bu məqsədlə 2,2 milyard manat vəsait ayrılacaq.
Bildirilib ki, bu vəsait işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. üçün nəzərdə tutulub.
Büdcə layihəsində ayrı-ayrı sahələr üzrə nəzərdə tutulan vəsait də qeyd olunub. 2021-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, mütləq ifadədə 418,2 milyon manat təşkil edəcək.
Həmin vəsaitin 177,5 milyon manatı və ya 42,4 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 1,3 faiz çox) mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatına) xərclərinə, 67,5 milyon manatı və ya 16,1 faizi (2020-ci illə müqayisədə 15,5 milyon manat və ya 29,9 faiz çox) televiziya, radio və nəşriyyat xərclərinə, 54,0 milyon manatı və ya 12,9 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 4,2 faiz çox) bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 119,2 milyon manatı və ya 28,5 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Eyni zamanda 2021-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılmış xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 6,5 milyon manat, Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.
Büdcə layihələrinin dekabrın 23-dən etibarən Milli Məclisin komitələrində müzakirəsi gözlənilir.