Ötən əsrin əvvəllərində görkəmli yazıçı və şairlərimizin yaradıcılığı yeni ədəbi nəslin yetişməsinə böyük təsir göstərirdi. Belə bir mühitdə təhsil və tərbiyə alan ədiblərdən biri Yusif Şirvan olub. Daim Vətən sevgisi ilə çağlayan pedaqoq və nasir ömrünün çox hissəsini gənclərin təlim-tərbiyəsinə sərf edib.

Yusif Əsgər oğlu Əsgərov (Şirvan) 26 dekabr 1910-cu ildə Şamaxı şəhərində müəllim ailəsində dünyaya göz açıb. Səkkiz yaşında valideynlərini itirir. Bacısı ilə qohumlarının himayəsində böyüyürlər. Sonralar keşməkeşli həyat yolundan bəhs edərkən yazırdı: “...Ailəmiz böyük, qol-budaqlı idi. Böyüklər və uşaqlar arasında savadlı çox idi. Atamın dayısı oğlu Əli Fəhmi (Əliabbas Cəfərzadə) yazıçı, mütərcim və mühərrir idi. O, Bakıda “İqbal” qəzetində işləyirdi. Onun bacısı Gövhər Şövqi yeni tipli ilk qız məktəbinin (ana dilində) müdiri və müəllimi idi. O məktəbdə qızlarla bir sırada öz əqrəbamızdan olan azyaşlı oğlan uşaqları da oxuyardı. Mən də onlarla durub-oturaraq savad öyrənmişdim. Qeyri-rəsmi olaraq həmin məktəbə gedirdim...”.

Uşaqlıq və gənclik illərinin çətinlikləri Yusif Əsgərovu yaşına uyğun olmayan ruhda formalaşdırır. Hələ məktəbli ikən görkəmli aktyorlar Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Rza Darablı onun oxuduğu məktəbə gəlirlər. Onların tamaşaya qoyduqları pyeslərdə məktəbin yuxarı sinif şagirdləri çıxış edir. O, bu tamaşalardan təsirlənərək 13 yaşında “Əski tələbələrin halı” adlı pyesini qələmə alır.

Yusif Əsgərov ibtidai məktəbi bitirir və 1924-cü ildə ikiillik Nuxa (indiki Şəki) Pedaqoji Texnikumuna qəbul olunur. İstedad və savadı ilə tələbə yoldaşlarından fərqlənir. Ədib yenə bu barədə yazır: “16 yaşından başlayaraq şeir yazırdım. Həmin il Şəkidə “Qızıl qələm” təşkilatı yaradıldı. Məni də oraya götürdülər. Bu təşkilatın sədri məşhur şair və dramaturq Rəşid bəy Əfəndizadə, katibi Heydər Əfəndizadə idi. Mən eyni zamanda təşkilatın texniki katibi idim. İşim-gücüm Rəşid bəyin 150-200 misralıq şeirlərinin üzünü köçürmək idi. O illər yaxşı aşiqanə lirik şeirlər yazırdım. Lakin mətbuatda aktual mövzularda, yeniliyi tərifləyən əsərlər qəbul edirdilər. Odur ki, “şairliyim” get-gedə zəifləyirdi”.

Yusif Əsgərov texnikumu başa vurub Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində işə başlayır. 1929-cu ildə Lənkəran şəhər nümunəvi orta məktəbinə dəyişilir. Burada dərs hissə müdiri işləyir. Bir ildən sonra Bakı Ali Pedaqoji Məktəbində təhsilini davam etdirir. Eyni zamanda “Azərkino”da bədii büronun üzvü, Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi İdarəsində siyasi redaktor kimi fəaliyyət göstərir.

1934-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Jurnalist-pedaqoq fakültəsini qiyabi olaraq bitirir. “Ədəbiyyat qəzeti”ndə məsul katib işləyir. Daha sonra Baş Mətbuat Müdirliyinin “Azərnəşr” yanında müvəkkili, 132 saylı orta məktəbdə ədəbiyyat müəllimi, “Azərnəşr” və “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində elmi işçi, “Kommunist” qəzetinin Ədəbiyyat və incəsənət sektorunun müdiri, Pedaqoji İnstitutda baş müəllim işləyib.

Şair, tərcüməçi Hikmət Ziya xatirələrində Yusif Əsgərovu belə yada salırdı: “O, tələbələrinin dərin hörmətini qazanmış ləyaqətli müəllimlərdən biri kimi tanınmışdı... Onun xalqımızın böyük oğulları Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Səməd Vurğun haqqında necə coşqu ilə danışdığı məclislərdə iştirak etmişəm”.

Yusif Şirvan 1941-ci ilin avqust ayında  İkinci Dünya müharibəsinə yollanır. Maraqlı döyüş yolu keçir, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medallarına layiq görülür. Müharibə başa çatdıqdan iki il sonra, 1947-ci ilin iyulunda ordudan tərxis olunur. “Təbliğatçı” jurnalında fəaliyyət göstərir. Uzun müddət Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində dekan, sonra isə dosent olur.

Araşdırmalarda qeyd edilir ki, özünə “Şirvan” təxəllüsü götürən ədibin “Sularda yanğın”, “Meşələr səslənir”, “Ömür çiçəklənir”, “Həyat poeması”, “Lalə dəstəsi”, “Baba və nəvə”, “Anama söyləyin”, “Tanışlar” və s. povestləri, “Şəfəq”, “Buludlar dağılır”, “Məzunlar” romanları oxucular tərəfindən maraqla qarşılanıb.

Yusif Şirvanın redaktor, tərcüməçi kimi fəaliyyəti də maraqla qarşılanıb. Professor Əli Sultanlının məsləhəti ilə H.Heynenin, A.Puşkinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Azərnəşr” və “Uşaqgəncnəşr” üçün Latsinin “Qanadsız quşlar” romanını, Kuninin “Uzaq ellərdə”, Katayevin “Pioner” povestlərini, türk ədibləri Əziz Nesinin və Səbahəddin Əlinin 20-dən artıq, bir neçə ərəb, özbək və tatar hekayələrini dilimizə çevirib. Tanınmış yazıçı, pedaqoq 9 avqust 1979-cu ildə, 69 yaşında vəfat edib.

Savalan FƏRƏCOV