Xalq rəssamı Eldar Mikayılzadənin bədii tapıntıları haqqında...

Bir vaxtlar bənzərsiz estetikası ilə az qala toxunulmazlıq statusu qazanmış xalçaçılığın bədii tutumunda yeniliyin əldə olunması uzun illər ərzində çoxlarına əlçatmaz görünmüşdür. Amma zamanın axarında bəzi sənətkarların bu toxuculuq sahəsinə yeni bədii dəyər bəxş etmələri yaradıcı insan təxəyyülünün nəhayətsizliyini bir daha təsdiq etmişdir. Xovlu xalçalarımızın sovet dönəmində daha fərqli estetikaya bələnməsində məşhur xalça biliciləri olan Lətif Kərimov və Cəfər Mücirinin mühüm xidmətləri olmuşdur. Sonrakı illərdə tələbə kimi onlardan sənətin sirlərini öyrənmiş Eldar Mikayılzadənin neçə-neçə bənzərsiz xalça ərsəyə gətirməsi dünya dekorativ-tətbiqi sənətində hadisə kimi dəyərləndirilmiş və ilk növbədə müasir Azərbaycan incəsənətinin böyük uğuru kimi qəbul olunmuşdur...

Sovet dönəmində hələ tələbə ikən yaratdığı “Şəbi-hicran” (1981) xalçası ilə Məhəmməd Füzulinin məşhur nakam məhəbbət dastanı “Leyli və Məcnun”a bənzərsiz süjetli kompozisiya həsr edən gənc rəssamın sənətdə ilk addımının az sonra Bakıda keçirilən Şərq Xalçaları üzrə Beynəlxalq Simpozium (1983) iştirakçılarının da duyulası heyrətinə səbəb olması bu sahədə çoxdan arzulanan yeniliklərin başlanğıcını qoymuşdur. Yaxşı haldır ki, Eldar Mikayılzadə bundan sonra da yaradıcılıq axtarışlarını davam etdirmişdir. Bu gün onun zəngin bədii irsini təşkil edən çoxsaylı ecazkar xalçaların mövcudluğu da bunun təsdiqidir.

“Nağıllar aləmi” (1983), “Azərbaycanın poeziya və musiqi korifeyləri” (1983-1984), “Xətai” (1990), “Xəmsə” (1991), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003), “Şəbi-hicran-2” (2006), “Yaranış” (2010) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daim axtarışa meylli olan Eldar Mikayılzadənin ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq. Onun son on il ərzində ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (2012) xalçaları isə ümumi estetikasında miniatür üslubundan tapınmanın duyulduğu bu toxuculuq sahəsinin bədii şərh cəhətdən çox yeniləndiyinin və çox orijinal tutum almasının təsdiqidir.

Yuxarıda adları çəkilən xalçaların, demək olar ki, hər birində müəllif çox fərqli yaradıcı vəzifənin öhdəsindən gəlməyə çalışmışdır. Əgər onun “Şəbi-hicran”larında müxtəlif fəsillərə bələnmiş ağac təsviri “dərd şairi”nin təsirli obrazının yaradıcısıdırsa, “Nağıllar aləmi”ndəki kompozisiya mürəkkəbliyi insan xəyalını pərvazlandıran, “Yaranış”da təqdim olunanlar isə müəllifin söz açdığı dadlı-duzlu “Xalça dastanı”na duyğulandırıcı “bədii güzgü” tutandır.

Zamanında məşhur mənzərə ustası Səttar Bəhlulzadə ilə yaxın ünsiyyəti olan Eldar Mikayılzadə ustadının ruhunda gəzdirdiyi, amma reallaşdırmadığı “yeni əsəri”nə özünəməxsus əyani görüntü (əsərin kompozisiyasında rəssamın 36 mənzərəsindən istifadə olunmuşdur) verməklə, bu xəyali tablonu “Səttarın arzusu” adlandırmışdır.

Eldar Mikayılzadə 2012-ci ildə çağdaş dünya incəsənətində oxşarı olmayan “Kəhkəşan” xalçasını tamamlamaqla qeyri-adi yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə, doğrudan da, bu gün bənzərsiz olduğunu bir daha təsdiqləmiş oldu. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb – nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində qızıl saplardan və çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Öncədən deyək ki, xalçanın kompozisiyasında bu daş-qaşlardan başqalarından fərqlənmək və yaxud da orijinallıq nümayiş etdirmək məqsədilə istifadə olunmayıb. Elə ərsəyə gətirilən yeni xalçanın ona özünəməxsusluq bəxş edən müsbət məziyyəti də bu daş-qaşların göy cisimlərinə həsr olunmuş kompozisiyaya məntiqli şəkildə daxil edilməsi, onların hər birinin yerləşdirildiyi yerdə mövcud olan təsvirin və yaxud bədii ayrıntının məna-məzmun daşıyıcılığına, onun düşündürücülüyünə bütün mənalarda təsir göstərməsidir...

Əsərin insan ağlını ovsunlayan koloriti 600-ə yaxın rəng və çalardan yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-qaşların sayı 725-dir. Feonit və Svarovski daşının bir neçə çalarından (sarı, mavi, yaşıl, çəhrayı, qırmızı) bütün kompozisiya səthi boyu istifadə edən xalçaçı-rəssam onların düzülüşünü əsərin məna-məzmun tutumunu zənginləşdirən bədii elementə çevirə bilib. Yeri gəlmişkən, xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində oturdulmasından və “zili” texnikasının tətbiqindən sonra əldə olunub. Bu alt arğac və daşaltılara isə 1325 qram qızıl işlədilib. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna kömək edən məntiqli seçimidir. Bizdən çox-çox uzaqlarda olsalar da, öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki, hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdı. Onların “Kəhkəşan”ın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır...

Rəssamın 2019-cu ildə Kann (Fransa) şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində təqdim olunan “Şəki xalçaları” silsiləsi isə onun uzun illər ərzində bu arzu ilə yaşadığını təsdiqlədi. Müəllifin etirafına görə, xalça rəssamlığına yiyələndiyi ilk vaxtlardan başlayaraq onu bilavasitə Şəki ilə bağlı xalçaların yoxluğu düşündürmüşdür. Əslində, onun bu narahatlığı yox yerdən yaranmamışdı. El sənətinin çox geniş inkişaf tapdığı, şəbəkəçilik, tikmə, dulusçuluq və s. sənət sahələrinin geniş yayıldığı Şəkidə yerli estetikalı xalçaçılığın indiyə qədər yoxluğu nə ilə bağlı idi?

Bu sualları artırmaq da olardı. Belə ki, mövcud durum həqiqətən də sual doğuran idi. Bu sualları şərtləndirən başlıca amil isə Şəkinin digər bölgələrdən də zəngin bədii irsə və “naxış saxlanc”ına malik olması hesab olunurdu. Odur ki, bu qədim yurdda özünəməxsus xalça nümunələrinin yaradılması həm yerli, həm də digər bölgələrdə fəaliyyət göstərən sənətkarların başının üzərindən “Domokl qılıncı” kimi asılı qalmışdı. Zamanın axarında Eldar Mikayılzadə bir yaradıcı olaraq özünü həmin ictimai-yaradıcı tələbin yükünə məsul etməyə başladı. Günlərin bir günü o, çox-çox illərdən qalan bu yaradıcılıq məsələsinin həllini öz üzərinə götürməyə qərar verdi...

Bundan əvvəl onu narahat edən və düşündürən bir neçə yaradıcı məsələni fərdi qaydada həll etməyi bacaran xalçaçı-rəssam bu problemin də aradan qaldırılmasına özündə yaradıcı güc hiss etdiyindən Azərbacan xalçaçılığında yeni səhifənin yaradılması yönündə axtarışlara başladı. Bir müddət sonra onun bu cəsarətli yaradıcı addımına Heydər Əliyev Fondunun dəstək verməsi rəssamı daha da həvəsləndirdi və son nəticədə Şəki ünvanlı on üç xovlu xalçanın yaradılmasını şərtləndirmiş oldu. Qənaətimizcə, Fransada bu sənət incilərinin “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adı ilə sərgilənməsi və beynəlxalq miqyasda təqdir olunması da ilk dəfə ictimailəşən özünəməxsus dekorativ-tətbiqi sənət nümunələrinin unikallığını təsdiqləyən amil hesab oluna bilər. 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mikayılzadənin “Xalq rəssamı” fəxri adına layiq görülməsi isə onun Azərbaycan xalçaçılıq sənətinin inkişafı yoluna töhfələrinə verilən yüksək qiymət idi.

Sənətkarın “Şəki xalçaları” silsiləsini dəyərləndirməli olsaq, onda öncə müəllifin gələcək çeşnilərin bədii tutumunu təşkil edəcək təsvir və naxışların seçimində bilavasitə yerli mühitin bədii qaynaqlarına tapındığını qeyd etməliyik. Daha dəqiq desək, on üç xovlu xalçanın məna-məzmun yükünü Şəkidəki iki məşhur tikilinin – Şəki Xan sarayının və Hüseyn xan imarətinin (Şəkixanovların evi) interyerində istifadə olunmuş tərtibat ünsürləri təşkil edir.

Məlumdur ki, XVIII əsrdə tikilmiş bu məşhur memarlıq tikililərinin interyer və eksteryerində bir-birindən cazibəli bəzəklər və süjetli kompozisiyalar mövcuddur. Bu bədii tutumlu ayrıntıları klassik xalça çeşnilərinin estetikası ilə uzlaşdıran Eldar Mikayılzadə məlum kompozisiyaların estetikasına yeni çalarlar əlavə etməklə, ənənəviləşən bədii həllin müasir səslənməsinə nail olmuşdur. Müxtəlif ölçülü bu kompozisiyaların adlarında da klassik irsə bağlılıq duyulmaqdadır. Onların “İlin fəsilləri”, “Ləçək-turunc”, “Nar ağacı”, “Adəm və Həvva”, “Şəbəkə”, “Bəndi-Rumi”, “Göllü”, “Xan ovu”, “Ovçuluq”, “Döyüş” və s. adlandırılması da dediklərimizi təsdiqləyir. Diqqətçəkən məqam müəllifin saray və imarətin bəzəyinə çevrilmiş çoxsaylı tərtibat ünsürlərindən müxtəlif kompozisiyalarda uğurla istifadə edə bilməsidir. Bu yerdə əlavə edək ki, bədii həllində miniatür üslubu estetikasından istifadə olunan və memarlıqla uğurlu sintez təşkil edən bu ünsürlər ifadə “dili”nə görə xalça dekorativliyinə də uyğun gəldiyindən, yeni toxuculuq nümunələrində onların cəlbedici və təsirli bədii dominanta çevrilmələrinə nail olunmuşdur. Bu mənada Şəki Xan sarayındakı döyüş səhnələrinin, fauna və flora ilə bağlı naxış-ayrıntıların, eləcə də Hüseyn xan imarətindəki Adəmlə Həvvanın təsvirlərinin və şəbəkə ünsürlərinin Şəki xalçalarının mərkəzi hissəsində və haşiyələrində məntiqli istifadəsinin onların uğurunun təminatçısına çevrildiyini xüsusi vurğulamalıyıq...

Yanvarın 18-də axtarışlarla dolu ömür payının 65 ilini tamamlayan Eldar Mikayılzadənin yaradıcılıq irsi kifayət qədər zəngindir. Onun xalçaçılıqla yanaşı rəngkarlıq, qrafika, numizmatika (o, Azərbaycanın ilk milli pullarının eskiz müəllifidir), monumental və medalyer sənəti sahəsində ərsəyə gətirdiyi nümunələri həm onun özünə, həm də tamaşaçılarına sonsuz qürur bəxş etdiyindən zamansızlığa qovuşmuş qəbul olunurlar. Qənaətimizcə, bu, el sənətini el şöhrətinə çevirməyi bacaran yaradıcı-sənətkar kimi onun həyatda əldə edə biləcəyi ən böyük qazancdır...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor