Qazaxıstanın Azərbaycandakı səfirliyində “Abayı oxuyarkən” art-albomunun təqdimatı keçirilib. Art-alboma türk ölkələri rəssamlarının qazax şairi və mütəfəkkirinin əsərlərinin motivləri əsasında çəkdiyi əl işləri daxildir.

Nəşr şairin anadan olmasının 175 illiyi şərəfinə elan edilmiş “Abay Kunanbayev İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən buraxılıb.

Təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin vitse-prezidenti Eldar İsmayılov, elm, mədəniyyət təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Düsen Kaseinov vurğulayıb ki, şair, mütəfəkkir, maarifçi və qazax milli ədəbiyyatının banilərindən biri olan Abay təkcə Qazaxıstana deyil, həm də bütün türk dünyasına zəngin irs qoyub. Onun şeirləri və müdrik kəlamları bütün türk xalqlarının mədəniyyətinin zənginliyini və mənəviyyatını əks etdirir.

Tədbirdə qazax şairinin adının və irsinin tanıdılmasına töhfələr vermiş şəxslərə TÜRKSOY-un “Abay 175 il” xatirə medalları və təşəkkür məktubları təqdim edilib.

Bakı Dövlət Universiteti (BDU) nəzdində Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatimə Dursunova, BDU-nun Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, jurnalist-publisist Aida Eyvazova, yazıçı-nasir Nəriman Əbdülrəhmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru Elman Quliyev, BDU-nun Türkologiya kafedrasının professoru Firuzə Ağayeva təltif olunublar.

Sonda Abayın həyat və yaradıcılığı barədə sənədli film göstərilib.