Sankt-Peterburq Fikrət Əmirovun sənət incisini dörd gecə alqışlayıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki Mariinski Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində uğurla nümayiş olunub. Tamaşalar Mariinski Teatrının Primorsk filialının (Vladivostok) Sankt-Peterburqa qastrol proqramı çərçivəsində 15, 16, 17, 18 yanvar tarixlərində təqdim edilib.

Mariinski Teatrının Primorsk səhnəsinin baş baletmeysteri, həmvətənimiz Eldar Əliyevin quruluş verdiyi tamaşa Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. “Min bir gecə”nin hər nümayişinə biletlər öncədən satılıb və tamaşa ictimaiyyətin böyük marağına səbəb olub.

Teatrın saytında dərc olunan materialda diqqətə çatdırılır ki, tamaşanın xoreoqrafı və truppanın baş baletmeysteri Eldar Əliyev məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirovun bu əsərinə bir neçə dəfə müraciət edib və “Min bir gecə”ni müxtəlif  teatrlarda səhnəyə qoyub. Xoreoqraf Vladivostok truppası üçün tamaşanı yeni redaksiyada hazırlayıb. Səhnə tərtibatında rəssam Pyotr Okunev rəngkarlıq dekorasiyalarını videoproyeksiyalarla uzlaşdırıb.

Xatırladaq ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsində ilk dəfə 2020-ci ilin avqustunda nümayiş olunub və bu premyera barədə qəzetimizdə yazı vermişdik. 14 avqust – 6 sentyabr tarixlərində keçirilən 5-ci “Mariinski” Beynəlxalq Uzaq Şərq Festivalının açılışını məhz Fikrət Əmirovun “Min bir gecə” baleti etmiş, balet sənətinin incilərindən olan əsər festival çərçivəsində dörd dəfə nümayiş olunmuşdu.

Onu da deyək ki, ötən ilin avqustunda “Min bir gecə”nin Primorsk səhnəsində nümayişi pandemiya ilə bağlı yaranmış fasilədən sonra belə geniş səhnə tərtibatına və böyük süjetə malik balet əsərinin dünyada ilk premyerası idi. 

Tamaşada orkestr pultu arxasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev dayanmışdı. Primorsk truppasının Sankt-Peterburq qastrolunda da tamaşaları beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib. Dekorasiya və kostyumların müəllifi  Pyotr Okunev, işıq üzrə rəssamı Sergey Martınov, video tərtibatçısı Vadim Dulenko olan tamaşada əsas partiyaları Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər.

Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valeriy Gergiyev tamaşanı izlədikdən azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrının tarixində əlamətdar və unudulmaz bir hadisə kimi dəyərləndirib.

Sankt-Peterburq şəhərində pandemiya ilə bağlı qeyri-sabit vəziyyətə rəğmən qastrola gəlməyə qərar verən Vladivostok truppası Neva sahilinə “Min bir gecə”dən başqa A.Adanın “Korsar” və P.Çaykovskinin “Yatmış gözəl” baletlərini də aparıb. Bu baletlərin hər biri iki dəfə nümayiş olunub.

Yanvarın 15-dən 22-dək davam edən qastrolun tam yarısının (dörd gün) “Min bir gecə” baletinə ayrılması eyni zamanda dünya şöhrətli Azərbaycan bəstəkarının sənətinə verilən qiymətdir. Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorsk Diyarının qubernatoru Oleq Kojemyako da olub. Qubernator  truppanı təbrik edərək bu tamaşanın tezliklə Rusiyanın sərhədlərindən kənarda da nümayiş olunacağına ümidvar olduğunu deyib.