Müasir Azərbaycan ədəbiyyatının tanınan simalarından olan Əlabbas Bağırovun “Köhnə kişi və digər hekayələr” (“Eski adam ve diğer öyküler”) kitabı Ankarada “Bengü” nəşriyyatı tərəfindən çap olunub.

Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən nəşrə hazırlanan kitabda müəllifin “Köhnə kişi” povesti, “Gözəl”, “Yolçu”, “Küçə”, “Şəhər” və başqa hekayələri yer alıb. Nəşrin baş redaktoru AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğludur. Əsərləri Türkiyə türkcəsinə gənc yazıçı-tərcüməçi Əbdülqadir Özkan çevirib.

Qeyd edək ki, bu kitab Əlabbas Bağırovun Türkiyə oxucuları ilə ilk görüşü deyil. Yazıçının əsərləri Türkiyədə dərgi, qəzet və saytlar vasitəsilə oxuculara çatdırılıb. İstanbulda nəşr olunan “Dörd dördlük” almanaxında onun “Mərənd ölüsü”, “Gözəl”, “Şəhər”, “Gəlin” hekayələri oxuculara təqdim edilib, “Təmrin” ədəbiyyat dərgisi isə yazıçının həyat və yaradıcılığına həsr olunan xüsusi buraxılış hazırlayıb.

Əsərləri qırğız, qazax, özbək, rus, ingilis, fars və gürcü dillərinə tərcümə olunan Əlabbas Bağırovun yaradıcılığına son zamanlar Orta Asiya ölkələrində də maraq artıb. Hazırda  tərcüməçi və ədəbiyyatşünas Akif Azalp yazıçının “Köhnə kişi” povestini özbək, Əbdülqadir Özkan isə irihəcmli “Qiyamçı” romanını Türkiyə türkcəsinə tərcümə edirlər.