ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən “Florida Keys” (“Florida açarları”) beynəlxalq musiqi müsabiqəsi bu il altıncı dəfə təşkil olunacaq. Sənət yarışmasında iştirak onlayn şəkildə reallaşacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Florida ştatının Aventura şəhərində təşkil olunan müsabiqədə iştirak etmək üçün iyunun 12-dək müraciət etmək mümkündür.

Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Sonda qaliblərə mükafatlar veriləcək.

Müsabiqənin təşkilatçısı Cövdət Hacıyevin qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır. Müsabiqənin məqsədi istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsidir.