Monoqrafiyanın üçüncü cildi nəşr olunub

Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının üçüncü cildi nəşr olunub.

Muzeydən bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada dahi şair və dramaturqun həyat və yaradıcılığına həsr olunmuş bir sıra tədqiqatlar, publisistik yazılar elmi-nəzəri istiqamətdə təhlil olunub. Kitabda ötən əsrin 50-ci illərindən başlayaraq günümüzədək Hüseyn Cavidin ictimai-fəlsəfi görüşləri, yaradıcılığının özünəməxsus xüsusiyyətləri, ictimai-siyasi, tarixi mövzularda yazdığı əsərləri, türkçülük və turançılıqla bağlı fikirləri, qadın azadlığı uğrunda ədəbi mübarizəsi, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dili və üslubu ilə bağlı aparılmış müxtəlif araşdırmalar müasir ədəbiyyatşünaslıq müstəvisində nəzərdən keçirilib.

Monoqrafiyanın elmi redaktorları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.